Keniyalı ətraf mühit fəalı Truphena Muthoni təbiətə və iqlim böhranına diqqət çəkmək məqsədilə həyata keçirdiyi qeyri-adi aksiyası ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Sfera.az bildirir ki, 22 yaşlı fəal 72 saat fasiləsiz olaraq bir ağacı qucaqlayaraq “ağacı ən uzun müddət fasiləsiz qucaqlamaq” kateqoriyası üzrə yeni dünya rekordu müəyyənləşdirib. Muthoninin bu addımı ekoloji mübarizəyə güclü və simvolik mesaj kimi qiymətləndirilir.
Ginnesin Rekordlar Kitabının yaydığı məlumata görə, sözügedən kateqoriya ilk dəfə 2024-cü ildə Uqandalı Faith Patricia Ariokotun 16 saat 6 saniyəlik cəhdi ilə qeydə alınıb. Elə həmin il Qanalı Abdul Hakim Aval bu göstəricini 24 saat 21 dəqiqə 4 saniyəyə yüksəldib. Daha sonra Muthoni 2025-ci ilin fevralında 48 saatlıq nəticə ilə rekordu qırıb.
Bunun ardınca Qanalı Frederik Boakye 50 saat 2 dəqiqə 28 saniyəlik cəhdi ilə qısa müddətə liderliyi ələ keçirib. Lakin Muthoni son cəhdində vaxtı 72 saata çatdıraraq rekordu yenidən bərpa edib.
Fəal bu performansı əsasını qoyduğu “Yer üzünə sarıl” təşəbbüsü çərçivəsində həyata keçirdiyini bildirib. O, ikinci dəfə rekord qırmasını belə şərh edib:
“İqlim üçün hərəkətə keçmək birdəfəlik addım deyil, davamlılıq tələb edən bir məsuliyyətdir”.
Təbiətlə insan arasındakı bağın vacibliyinə diqqət çəkən Muthoni əlavə edib: “Bir ağacı qucaqlamaq təbiətin bizdən ayrı olmadığını xatırladır. Bir insan bu bağı 72 saat qura bilirsə, bəşəriyyət də onu yaşadan təbiəti qorumağı öyrənə bilər”.
Aynil