Amerikalı reper və prodüser, “Black Eyed Peas” qrupunun keçmiş solisti will.i.am texnologiya sahəsində növbəti addımını ataraq elektrik avtomobili yaradıb. “TRINITY” adlanan bu layihə süni intellektlə təchiz olunmuş, üç təkərli futuristik nəqliyyat vasitəsidir.


 




Sfera.az bildirir ki, will.i.am ilk elektrik avtomobilini 2027-ci ildə təxminən 30 min dollar qiymətinə satışa çıxarmağı planlaşdırır. Məlumat Autoevolution saytında yer alıb.




TRINITY şəxsi şəhər nəqliyyatı üçün nəzərdə tutulub və məşhur West Coast Customs studiyası ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Karbon lifindən və titandan istehsal edilən tək nəfərlik kapsulun çəkisi 907 kq-dır.


 




Modelin adı təsadüfi seçilməyib — avtomobil üç təkərlidir və avtomobil, motosiklet xüsusiyyətlərini birləşdirir. TRINITY döngələrdə velosiped kimi əyilə bilir. İnteryerdə rahat avtomobil oturacağı və süni intellekt əsaslı elektron köməkçi yer alacaq.


 




Elektrik avtomobili iki ədəd 218 at gücündə Yasa P400R mühərriki ilə təchiz olunub. TRINITY 1,8 saniyəyə 0-dan 100 km/saat sürət yığır, maksimal sürəti 200 km/saat, yürüş məsafəsi isə 283 km təşkil edir. Batareyanın tam doldurulması təxminən 1 saat çəkir.


 




İlk mərhələdə 500 ədəd TRINITY istehsal olunacaq. Will.i.am bu layihənin təkcə nəqliyyat vasitəsi deyil, eyni düşüncəli insanların bir araya gəldiyi yeni bir icmaya çevriləcəyinə ümid edir.


 


Aynil