Dünyanın ən qeyri-adi yaşayış məkanlarından biri sayılan Just Room Enough Adası ABŞ ilə Kanada arasındakı sərhəddə, Müqəddəs Lorens çayı üzərində yerləşir.
Sfera.az bildirir ki, cəmi 306 kvadrat metr sahəsi olan bu torpaq parçası ölçüsünə görə adi bir studiya mənzilini xatırladır və rəsmi olaraq “dünyanın ən kiçik adası” kimi tanınır. Adanın üzərində yalnız bir ev və bir ağac yerləşir.
Sərhədləri son dərəcə dar olan adada evin divarları demək olar ki, birbaşa çayın suları ilə təmasdadır. Diqqətsiz atılan bir addım insanı birbaşa soyuq suyun içində qoya bilər.
Bu qeyri-adi məkanın hekayəsi 1950-ci illərdə Sizeland ailəsinin şəhər həyatının səs-küyündən uzaqlaşmaq istəyi ilə başlayır. Həmin dövrdə bir ərazinin məşhur “Min Ada” qrupuna daxil edilməsi üçün müəyyən şərtlər mövcud idi: torpaq sahəsi ilboyu suyun üzərində qalmalı, müəyyən ölçüyə sahib olmalı və üzərində ən azı bir canlı ağac olmalı idi.
Ailə bu rəsmi statusu əldə etmək üçün adaya tək bir ağac əkdi. Ağac kök saldıqdan sonra torpaq sahəsi ada kimi tanındı və Ginnesin Rekordlar Kitabına daxil edildi.
Əvvəlcə sakit həftəsonu istirahəti üçün nəzərdə tutulan bu təcrid olunmuş məkan zamanla gözlənilən tənhalığı itirdi. Tək ev, bir ağac və bir neçə stullu verandadan ibarət ada çayda təşkil olunan qayıq turlarının ən çox maraq doğuran nöqtələrindən birinə çevrildi.
Bu gün su səviyyəsi qalxdıqda dalğaların evin pəncərələrinə çırpıldığı bu kiçik ada həm ekstremal memarlıq nümunəsi, həm də dünyanın ən maraqlı və qeyri-adi yaşayış yerlərindən biri kimi ziyarətçilərin diqqətini çəkməyə davam edir.
Aynil