Qış tətili uşaqlar üçün dincəlmək və əylənmək vaxtı olsa da, bir çox ailədə bu dövr telefon və planşetdən həddindən artıq istifadə ilə müşayiət olunur. Məktəb rejiminin pozulması, valideynlərin iş tempi və evdə vaxtın düzgün planlaşdırılmaması uşaqların uzun saatlar ekrana bağlı qalmasına səbəb olur.


 


Tətil dövründə valideynlərin uşaqlarla keyfiyyətli vaxt keçirməsi niyə bu qədər önəmlidir? Ümumiyyətlə, uşaqların vaxtının səmərəli keçirilməsi üçün nələr edilməlidir?


 


Sfera.az-a bu haqda açıqlama verən psixoloq Elgül Ağarzayevanın sözlərinə əsasən, qış tətili uşaqlar üçün dincəlmək, yenilənmək və ailə ilə daha çox vaxt keçirmək baxımından mühüm fürsətdir:


 



 


“Psixoloji baxımdan uşaqlar üçün valideynlə keçirilən keyfiyyətli vaxt təhlükəsizlik hissinin, emosional bağın və özünə dəyər hissinin formalaşmasında əsas rol oynayır. Uşaq valideyninin onunla maraqlandığını, onu dinlədiyini və birlikdə vaxt keçirmək istədiyini hiss etdikdə, bu, uşağın daxili dünyasında “mən önəmliyəm” mesajını yaradır. Tətil dövründə valideyn-uşaq münasibətləri gücləndikdə uşağın emosional ehtiyacları daha sağlam şəkildə qarşılanır, davranış problemlərinin yaranma riski azalır, uşaq öz hisslərini ifadə etməyi öyrənir, ailədaxili ünsiyyət və qarşılıqlı anlayış artır”.


 


Psixoloq uşaqların vaxtını səmərəli keçirməsi üçün bir sıra məqamların nəzərə alınmasını qeyd edib:


 


“Tətil məktəb qədər sərt qaydalar tələb etməsə də, tam plansızlıq da uşağı çaşdıra bilər. Gün ərzində oyun, istirahət, ailə vaxtı və ekran vaxtının balanslı şəkildə bölüşdürülməsi faydalıdır. Ekran vaxtını tam qadağa ilə deyil, razılaşma yolu ilə tənzimləmək daha sağlam yanaşmadır. Çünki sərt qadağalar adətən müqavimət yaradır, uşaqla birlikdə ekranın neçə saat və hansı məqsədlə istifadə olunacağını razılaşdırmaq isə daha effektlidir. Birlikdə həyata keçirilən fəaliyyətlərə üstünlük verilməsi də vacibdir. Masa oyunları oynamaq, yemək hazırlamaq, qısa gəzintilər etmək, kitab oxumaq və ya sadəcə söhbət etmək uşağın emosional ehtiyaclarını qarşılayır və ekrana olan marağı azaldır. Eyni zamanda uşağın maraqlarını nəzərə almaq önəmlidir. Hər uşaq eyni fəaliyyətlərdən zövq almır. Rəsm, musiqi, idman, konstruktorlar və yaradıcı oyunlar uşağın daxili potensialını üzə çıxarır. Bu prosesdə valideynin davranışı da həlledici rol oynayır. Uşaq valideynin dediklərini deyil, etdiklərini təkrarlayır. Əgər valideyn daim telefonla məşğuldursa, uşağın ekrandan uzaq qalmasını gözləmək real deyil”.


 


Bəsti Rəfizadə


Sfera.az