Son illər ətir bazarında saxta məhsulların sayının artması alıcılar üçün ciddi problemə çevrilib.


 


Tanınmış dünya brendlərinin adından istifadə edilərək satışa çıxarılan ucuz ətirlər ilk baxışdan cəlbedici görünsə də, bu məhsulların əksəriyyəti orijinal deyil. 




Sfera.az bildirib ki, keyfiyyətli ətiri müəyyən etmək üçün bir neçə əsas məqama diqqət yetirmək kifayətdir.


 


Ətirin orijinallığını müəyyənləşdirməyin ilk yolu qablaşdırmaya diqqət yetirməkdir. Brend məhsullar adətən qalın və keyfiyyətli karton qutularda təqdim olunur, üzərindəki yazılar aydın, səliqəli və qüsursuz olur. Saxta məhsullarda isə çap keyfiyyəti zəif, yazılar solğun və bəzən orfoqrafik səhvlərlə müşahidə olunur. Sellofan qablaşdırmanın səliqəsiz olması, bərabər yapışdırılmaması da məhsulun saxta olmasına işarə edə bilər.




Flakonun özü də mühüm göstəricilərdən sayılır. Orijinal ətirlərdə şüşə hamar, simmetrik və qüsursuz olur, qapaq isə flakona möhkəm oturur. Saxta məhsullarda flakonun forması qeyri-bərabər, qapağı isə boş və keyfiyyətsiz olur. Ətirin qoxusu və davamlılığı da əsas fərqləndirici amillərdəndir. Keyfiyyətli ətir mərhələli şəkildə açılır: əvvəl üst notlar hiss olunur, daha sonra orta və əsas notlar üzə çıxır. Saxta ətirlər isə adətən kəskin qoxu ilə başlayır və çox qısa müddətdə təsirini itirir. Orijinal ətir dəridə və ya paltarda saatlarla qalır.




Digər mühüm detal barkod və seriya nömrəsidir. Orijinal ətirlərdə qutu və flakon üzərindəki seriya nömrələri eyni olur və bu məlumatları istehsalçı brendin rəsmi mənbələrində yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildikdə məhsulun saxta olma ehtimalı yüksəlir. Qiymət məsələsi də diqqətdən kənarda qalmamalıdır. Tanınmış brendlərin ətirlərinin bazar dəyərindən xeyli ucuz təklif edilməsi real deyil və bu, alıcıda şübhə yaratmalıdır. Saxta ətirlər yalnız maddi itki deyil, eyni zamanda sağlamlıq üçün də risk daşıyır. Keyfiyyətsiz tərkibli məhsullar allergiya, dəri qıcıqlanması və baş ağrısına səbəb ola bilər.




Qeyd edək ki, ətir alarkən yalnız qiymətə deyil, qablaşdırma, flakon, qoxunun davamlılığı və satış məntəqəsinin etibarlılığına diqqət yetirmək vacibdir. Bu amillər saxta məhsullardan qorunmaq və daha təhlükəsiz seçim etmək baxımından həlledici rol oynayır.


 


Niyaz Hacıyev

Sfera.az