2025-ci ilin məlumatına görə, ümumi daxili məhsulun (ÜDM) istehsalında qeyri neft-qaz sektorunun payı 71 faizə yüksəlib. Bununla belə, Azərbaycanın dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektorunun payı təxminən 50 faiz səviyyəsində qalır.




Belə olduqda sual yaranır: bu uyğunsuzluq nədən irəli gəlir və büdcə gəlirlərində qeyri neft-qaz sektorunun payını 70 faizə çatdırmaq üçün hansı addımlar atılmalıdır?




Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, ÜDM-də qeyri neft-qaz sektorunun payının 71 faizə yüksəlməsi ilə dövlət büdcəsi gəlirlərində bu sektorun payının təxminən 50 faiz səviyyəsində qalması arasındakı uyğunsuzluq əsasən metodoloji və təsnifatla bağlıdır.


 


Onun sözlərinə görə, dövlət büdcəsi gəlirlərinin böyük hissəsi birbaşa və ya dolayı yolla neft-qaz sektorundan formalaşır, lakin statistik uçot zamanı bu gəlirlərin əhəmiyyətli qismi qeyri-neft-qaz sektoru kimi rəsmiləşdirilir:


 





“Məsələn, qeyri neft-qaz sektorunda böyük paya malik sahələrdən biri elektroenergetikadır, halbuki Azərbaycanda elektrik enerjisinin təxminən 95 faizi qaz və mazut hesabına istehsal olunur. Xammalı tamamilə neft-qaz olan bir məhsulun istehsalının qeyri-neft-qaz sektoru kimi təqdim edilməsi yalnız statistik təsnifatı əks etdirir. Eyni yanaşma neft şirkətlərinin törəmə strukturlarının fəaliyyəti, neft daşımaları, neft logistikası və bu sahələrdən əldə olunan gəlirlərə də tətbiq olunur”.




Ekspert qeyd edib ki, bundan əlavə, neft gəlirləri hesabına yaradılan iqtisadi aktivlik də qeyrİ neft-qaz sektorunun büdcədəki payını süni şəkildə artırır:




“Neft Fondundan büdcəyə transfertlər və bu vəsaitlər hesabına maliyyələşdirilən tikinti, infrastruktur, xidmət və ticarət sahələrində formalaşan gəlirlər rəsmi olaraq qeyri neft-qaz sektoruna aid edilir, halbuki bu sahələrin mövcudluğu və gəlirliliyi birbaşa neft gəlirlərinə bağlıdır. Həmçinin SOCAR və digər neft-qaz şirkətlərinin ödədiyi mənfəət vergisi, sosial ödənişlər və podratçı şəbəkəsi üzərindən formalaşan dövriyyə də büdcə statistikalarında qeyri neft-qaz gəliri kimi görünə bilər. Bu baxımdan, büdcə gəlirlərində qeyri neft-qaz sektorunun payının artımı daha çox statistikanın aparılma tərzindən asılıdır, real iqtisadi şaxələnmə deyil. Həqiqi neftdən asılı olmayan büdcə formalaşdırmaq üçün sənaye, emal, kənd təsərrüfatı, yüksək texnologiyalar və ixracyönümlü xidmət sahələrinin real inkişafı təmin olunmalıdır”.


 


Niyaz Hacıyev

Sfera.az