UEFA Çempionlar Liqasının son turunda Azərbaycan çempionu “Qarabağ” səfərdə İngiltərənin “Liverpul” klubuna 0:6 hesabı ilə məğlub olub.


 


Ağır hesablı məğlubiyyət futbol ictimaiyyətində komandanın oyunu, taktiki seçimləri və Azərbaycan futbolunun Avropa nəhəngləri ilə rəqabət imkanları barədə müzakirələri yenidən gündəmə gətirib.


 


“Qarabağ”ın 0:6 hesablı məğlubiyyətini daha çox fərdi səhvlərlə, yoxsa taktiki yanlışlarla izah etmək olar? Azərbaycan klublarının belə komandalarla rəqabət aparması üçün hansı strateji addımlar vacibdir?


 


Sfera.az-a bu haqda açıqlama verən idman eksperti Kənan Məstəliyevin sözlərinə əsasən, “Qarabağ”ın məğlubiyyəti çox məyus edici idi. Onun fikrincə, “Qarabağ”da böyük hesablı məğlubiyyətlər çox nadir hallarda olur, özü də bu qədər böyük fərqlə:


 



 


"“Qarabağ”ın buralara qədər gəlib çıxmağı özü belə böyük bir uğurdur. Çünki Azərbaycanda futbolun səviyyəsi çox aşağıdır. O qədər problemlər var ki, onları saymaqla bitməz və bütün bu problemlərə baxmayaraq “Qarabağ”ın buralara qədər gəlib çıxması bir möcüzə kimi qiymətləndirilməlidir. “Liverpul”a məğlubiyyət çox gözlənilən məğlubiyyətdir. Düzdür, bu qədər fərqlə olması gözlənilmirdi, amma “Liverpul”a böyük hesablı məğlubiyyətin iradə ilə əlaqəsi yoxdur”.


 


Ekspert bütün komponentlərdə “Liverpul”un “Qarabağ”dan üstün olduğunu və Azərbaycan klubunun “Liverpul” kimi komandalarla başabaş oynaması, onlarla mübarizə aparması üçün illər keçməli olduğunu bildirib:


 


“Çünki Azərbaycan futbolunun strateji problemləri həll olunmalıdır. Azərbaycanda futbolun infrastruktur, kadr problemləri var. Yəni bizim “Liverpul” kimi komandalara yaxın düşə bilməyimiz üçün bu gündən başlayaraq qarşıdakı beş-on ildə doğru addımlar atmalıyıq. Qarabağın qələbələri bizi problemlər haqqında düşünməkdən kənarlaşdırıb. Biz elə bilirik ki, Azərbaycanda futbol yüksək səviyyədədir, çünki komandalar avrokuboklarda çıxış edir. Elə deyil. Qarabağın start heyətinə baxsaq, bunu görmək olar, start heyətdəki 11 nəfərdən cəmi ikisi azərbaycanlıdır. Yəni qalan 9-u legionerdir və bu, Azərbaycan futbolunun uğuru ola bilməz. Qarabağın uğurlarını kölgədə qoymuram, təbii ki, böyük uğurlar qazanılıb. Amma məhz Azərbaycan futbolu baxımından danışsaq, əslində o qədər də yaxşı gələcək görünmür. Qarabağ klub olaraq böyük uğurlara imza atıb, amma digər klublarımız ona yaxın düşə bilmirlər. Ümumilikdə Azərbaycan futbolu çox da yaxşı vəziyyətdə deyil. Strateji addımlar atılmalı, qeyd edilən problemlər həll olunmalıdır və yalnız bundan sonra biz “Liverpul” və digər böyük klublarla mübarizə aparmaq haqqında düşünə bilərik”.


 


Bəsti Rəfizadə


Sfera.az