Qoxu insan münasibətlərində görünməz, lakin güclü təsirə malik amillərdən biri sayılır. Mütəxəssislər bildirirlər ki, ətir beyində yaddaş və emosiyalarla bağlı mərkəzləri aktivləşdirdiyi üçün cazibəni artıran əsas detallardan birinə çevrilir.


 


Qadınlar və kişilər qoxu seçimində fərqli meyarlara üstünlük versələr də, bəzi notlar hər iki cins tərəfindən cəlbedici hesab olunur.


 


Sfera.az bildirir ki, elmi sorğulara görə, qadınların diqqətini daha çox “maskulin” və dərin notlar çəkir. “Monell Chemical Senses Center”in məlumatına görə, qadınların əks cinsdə ən cəlbedici hesab etdiyi ətirlər “Musk” və “Amber” olub. Bu variant ümumi səslərin 22,87%-ni toplayıb. Onu odunsu notlar (xüsusilə səndəl ağacı) 16,76% ilə izləyib, üçüncü yerdə isə ədviyyatlı qoxular qərarlaşıb. Digər tədqiqatlar da bu tendensiyanı təsdiqləyib.


 


Araşdırmalara əsasən, qadınlar kişilərdə təmiz və təravətli sitrus qoxularını, yüngül çiçək notlarını, incə odun tonları cəlbedici hesab edirlər. Hətta “Monell Chemical Senses Center”in məlumatına görə, sidr və səndəl ağacı notları olan ətir istifadə edən kişilər qadınlara daha cazibədar görünür.


 


Mütəxəssislər bunu qadınların daha “güclü və sabit” qoxuları təhlükəsizlik və maskulinliklə əlaqələndirməsi ilə izah edir.


 


Bəs, kişilər qadınlarda hansı ətirlərə üstünlük verir?


 


Kişilərin seçimində isə daha yumşaq və emosional təsir yaradan qoxular ön plana çıxıb. Araşdırmalar göstərib ki, kişilər adətən vanil və yasəmən kimi notlara malik qadınları daha cəlbedici hesab edir, şirin və rahatlıq hissi yaradan qoxulara daha çox meyl göstərirlər. Digər tərəfdən lavanda qoxusunun kişilərdə ən güclü fizioloji reaksiyalardan birini yaratdığı müəyyən edilib.


 


Vanil isə isti və nostalji assosiasiyalar yaratdığı üçün tez-tez romantik cazibə ilə əlaqələndirilib. Bəzi notlar gender fərqindən asılı olmayaraq geniş auditoriya tərəfindən müsbət qarşılanır. Vanil, musk və floral notlar uğurlu ətir kompozisiyalarında ən çox rast gəlinən elementlərdəndir. Nevroloqların fikrincə, qoxu emosional bağın formalaşmasını gücləndirsə də, təkbaşına romantik maraq yaratmır, sadəcə mövcud kimyanı daha da gücləndirir.


 


Bundan başqa, hormonlar, yaş və hətta dəri tipi də ətirin necə qəbul olunmasına təsir edə bilər. Ümumi mənzərə belədir ki, qadınlar daha çox tünd, odun təravətli və ədviyyəli qoxulara, kişilər isə vanil, lavanda və çiçək notlarına üstünlük verir. Bununla belə, “ən cazibədar ətir” anlayışı tam universal deyil, fərdi zövq və bədən kimyası seçimlərə ciddi təsir göstərir. Bir sözlə, düzgün seçilmiş ətir yalnız xoş qoxu deyil, həm də insanın yadda qalan imicinin vacib hissəsinə çevrilə bilər.


 


Bəsti Rəfizadə


Sfera.az