ABŞ-nin İraq, Suriya və Körfəz ölkələri kimi gərgin bölgələrdə minlərlə hərbçisi yerləşir və bu mövcudluq regionda təhlükəsizlik balansının əsas elementlərindən biri sayılır.
Gərginliyin artacağı təqdirdə İranın bu hərbi qüvvələri və ya ABŞ bazalarını hədəf alma ehtimalı gündəmə gəlib.
Belə bir addım regionda hərbi və siyasi vəziyyəti necə dəyişə bilər? Mümkün qarşıdurma daha genişmiqyaslı münaqişəyə çevrilə bilərmi və bunun qlobal təhlükəsizlik, enerji bazarları və beynəlxalq münasibətlərə təsiri nə ola bilər?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar gərginlik olacağı təqdirdə İranın ABŞ əsgərlərinin birbaşa deyil, dolayı yollarla hədəf alınma ehtimalının daha real olduğunu bildirib:
“Rəsmi Tehran açıq toqquşmanın ağır nəticələrini yaxşı anlayır və buna görə də əsasən özünə yaxın proksi silahlı qruplar üzərindən hərəkət edir. İraq və Suriyada fəaliyyət göstərən silahlı dəstələr, eləcə də Yəməndə husilər əsas vasitə kimi çıxış edə bilər. Belə hücumlar zamanı əlbəttə ki, ABŞ öz əsgərlərinin təhlükəsizliyini təmin etmək üçün cavab addımları atmağa məcbur qalar. Bu cavab isə İranın regiondakı mövqelərinə, hərbi obyektlərinə və ya ona yaxın qruplara zərbələr şəklində ola bilər. Nəticədə gərginlik sürətlə yüksələ və daha geniş qarşıdurmaya çevrilə bilər”.
Ekspertin fikrincə, belə bir eskalasiya region ölkələri üçün də ciddi risklər yaradar:
“Körfəz ölkələri enerji infrastrukturu və nəqliyyat marşrutları baxımından həssas marşrutların üzərindədir. ABŞ-İran qarşıdurması neft və qaz bazarlarında qiymət artımına səbəb ola bilər. Bu isə qlobal iqtisadiyyata birbaşa təsir göstərə bilər. Eyni zamanda, İran üçün də bu cür addımların ağır nəticələri ola bilər. ABŞ-nin hərbi və texnoloji üstünlüyü fonunda genişmiqyaslı toqquşma Rəsmi Tehran üçün ciddi itkilər deməkdir. Buna görə İran indiki halda gərginliyi müəyyən həddə saxlayaraq, mesaj verməklə kifayətlənməyə çalışır. Hazırda İranın ABŞ əsgərlərini hədəf alma ehtimalı tam istisna edilmir, lakin bu, əsasən yuxarıda qeyd etdiyim kimi, məhdud və dolayı formada baş verə bilər. Belə addımlar qısa müddətdə gərginliyi artırsa da, genişmiqyaslı müharibədən yayınmağa çalışılır”.
Bəsti Rəfizadə
Sfera.az