Son illər Azərbaycanda neft hasilatında davamlı azalma müşahidə olunur. Rəsmi statistikaya görə, 2025-ci ildə ölkədə neft hasilatı 27,6 milyon ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə əmtəəlik neft hasilatının 4,8 faiz azalması deməkdir. Əslində bu tendensiya yeni deyil - artıq on ildən çoxdur ki, Azərbaycanın əsas neft yataqlarında hasilat mərhələli şəkildə aşağı düşür.
Mütəxəssislər bildirirlər ki, hasilatın azalması ilk növbədə uzun illər intensiv istismar olunmuş yataqlarda təbii hasilat səviyyəsinin enməsi, köhnə quyuların məhsuldarlığının zəifləməsi və yeni iri yataqların istismara gec cəlb edilməsi ilə bağlıdır. Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda neft hasilatı 50 milyon tona yaxın idisə, son 15 ildə bu göstərici təxminən iki dəfə azalıb.
Bununla belə, neft hasilatı hələ də ölkə iqtisadiyyatında mühüm rol oynayır. Dövlət Neft Fondu gəlirlərinin əsas hissəsi məhz neft satışından formalaşır, ixrac gəlirlərinin böyük payı enerji sektorunun payına düşür. Məhz bu səbəbdən hökumət hasilatda azalma tempini zəiflətmək və orta müddətli dövrdə stabilliyi təmin etmək üçün yeni yataqların işlənməsi, mövcud yataqlarda əlavə hasilat üsullarının tətbiqi və texnoloji yenilənmə istiqamətində tədbirlər görür.
Bəs neft hasilatındakı azalma nə vaxt dayandırıla bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, neft hasilatında azalma prosesi uzun müddətdir davam edir:
“Bəli, neft hasilatında azalma 2011-ci ildən müşahidə olunur. Bu, əsasən ölkənin əsas neft yataqlarının artıq pik hasilat mərhələsini geridə qoyması ilə bağlıdır. Hökumətin mövcud proqnozlarına əsasən, 2029-cu ildən etibarən neft hasilatının stabilləşməsi gözlənilir. Bu stabillik isə ilk növbədə “Qarabağ” neft yatağında ilk neftin əldə olunması hesabına mümkün ola bilər”.
Qeyd edək ki, beynəlxalq enerji bazarlarında da neft hasilatının artımı artıq əvvəlki illərdəki kimi prioritet hesab edilmir. Bir çox ölkələr alternativ enerji mənbələrinə üstünlük verir, bu da neft hasilatına yanaşmanı dəyişir. Bu baxımdan Azərbaycanda neft hasilatının stabilləşməsi daha çox iqtisadi tarazlığın qorunması və gəlirlərin kəskin azalmasının qarşısının alınması məqsədi daşıyır.
Firuzə Əliyeva
Sfera.az