Türkiyənin hökumətyönlü qəzeti olan "Hürriyet"in məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa İran məsələsi ilə bağlı üçtərəfli sammit keçirilməsini təklif edib.




Qəzetin yazdığına görə, Türkiyə İranla bağlı yeni müharibənin baş verməsini istəmir və bu məqsədlə təmasları gücləndirib. 


 


Bəs Türkiyənin bu təşəbbüsü regionda gərginliyin azaldılmasına real töhfə verə bilərmi, yoxsa daha çox diplomatik jest xarakteri daşıyır?




Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-İran qarşıdurması bütün bölgə üçün ciddi risklər yaradır. Onun fikrincə, iki ölkə arasında yaranan gərginlik müharibə ilə nəticələnərsə, ilk növbədə Türkiyə üçün təhdidlər yaranacaq:


 





“İlk növbədə demoqrafik problem meydana çıxacaq ki, bu da Türkiyə üçün ciddi problem deməkdir. Digər tərəfdən müharibənin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çox çətindir. Əgər İranda rejim dəyişikliyi baş verərsə, prosesin nəzarətdən çıxacağı, xaotik vəziyyət yaranacağı istisna deyil. Bu isə Türkiyənin milli təhlükəsizliyini təhdid edir. Çünki, Suriyada möhkəmlənməyə və Suriyanın ərazi bütövlüyünün təmin olunmasına çalışan Türkiyə yaxın qonşusu müharibə ilə üzləşərsə yeni təhdidlərlə üz-üzə qala bilər. Bu isə Türkiyə üçün Suriya məsələsinin arxa plana keçməsi deməkdir ki, bu da ilk növbədə İsrailin maraqlarına cavab verir. Türkiyə də bu problemlərlə üzləşməmək üçün bütün gücü ilə müharibənin qarşısını almağa, Vaşinqton-Tehran dialoqunun davam etməsinə çalışır. Hazırda Türkiyənin xarici işlər naziri Hakan Fidanın İran-ABŞ danışıqlarında vasitəsi kimi əsas fiqurdur”.




Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, İsrail lobbisi tərəfindən İranın vurulması üçün Tramp üzərində ciddi təzyiq var: 




“Qarşıdan aralıq seçkiləri gəlir və Tramp İsrail lobbisini qarşısına almaq istəmir. Halbuki İranla müharibə Vaşiqntonun maraqlarına cavab vermir. İşin mürəkkəbliyi xüsusilə Vaşinqtonun maksimalist yanaşması ilə bağlıdır. Bu da İsrailin tələblərinə görədir. Dinc məqsədlər üçün nüvənin zənginləşdirilməsinin tam dayandırılması, ballistik raketlərə limit qoyulması və s. kimi tələblər İranı çətin vəziyyətə salır. Hakan Fidan da maksimalist yanaşmanın problem yaratdığının mesajını verib və bildirib ki, Vaşinqtonun bu yanaşması davam edərsə, İran ən pis variantı seçəcək. Ona görə də Türkiyə İsrail lobbisinin təzyiqlərini neytrallaşdırmağa və dialoq yolunun açıq qalmasına çalışır. Hesab edirəm ki, Türkiyənin bu potensialı var”.


 


Niyaz Hacıyev

Sfera.az