İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf qeyd edib ki, əgər Tramp doğrudan da səmimidirsə və Nobel Sülh Mükafatını qazanmaq istəyirsə, real sülhə doğru addım atmalı və ilk növbədə müharibə tərəfdarlarından, eləcə də İranı ram etmək istəyən qüvvələrdən uzaqlaşmalıdır.


 


İran parlamentinin sədri, həmçinin bildirib ki, Tramp İranla müharibəyə başlaya bilər, lakin onun nəticələrini nəzarətdə saxlaya bilməz.


 


Qalibaf Trampın kimdən uzaqlaşmağını istəyir? "Müharibənin nəticələrini nəzarətdə saxlaya bilməmək" nə anlama gəlir?


 


Sfera.az-a açıqlama verən politoloq Əli Mustafa Qalibafın bu çıxışında əsas hədəfin İsrail olduğunu deyib:


 



 


"Onlar hesab edirlər ki, Amerikanın İrana qarşı apardığı əməliyyatlar İsrailin təsiri və ya diqtəsi ilə həyata keçirilir. Bu çağırışla Qalibaf Trampa demək istəyir ki, bu addımlar ABŞ-nin maraqlarına uyğun deyil, İsrailin istəklərinə xidmət edir və bundan çəkinmək lazımdır. Əks halda, Amerikanın maraqları da zərər görəcək və təsirlənəcək. Çünki İran tərəfi açıq şəkildə müqavimət göstərəcəklərini, hətta ABŞ əsgərlərinə və gəmilərinə zərbə endirə biləcəklərini bildirir və bunun üçün kifayət qədər silah-sursata malik olduqlarını vurğulayır”.


 


Politoloqun sözlərinə görə, onlar hesab edirlər ki, ABŞ və İran arasında danışıqlar və uzlaşma mümkündür, xüsusilə də nüvə proqramı ilə bağlı:


 


“Lakin Amerikanın İranla bağlı maraqları daha ciddi və stratejidir. Bu maraqlar təkcə İsrailin maraqları ilə məhdudlaşmır. Məsələ yalnız nüvə proqramı deyil, eyni zamanda raket proqramı və proksi qüvvələrlə də bağlıdır. Ən başlıcası isə ABŞ İranda mövcud olan molla rejiminin dəyişdirilməsini istəyir və nəhayət, İranın neftinə ciddi nəzarət etməyi hədəfləyir. Odur ki, əgər İran Trampın istədiklərini verərsə, müharibə dayana bilər, verməzsə isə qarşıdurma qaçılmaz olacaq”.


 


Fidan Hacızadə


Sfera.az