ABŞ Prezidenti Donald Trampın İrana zərbə endirməyə dair yeni bir plan üzərində düşündüyü bildirib. Bu barədə “CNN” məlumat yayıb.
Planın nədən ibarət olduğu açıqlanmır. Amma analitiklər bunun İrana qarşı növbəti təhdid olduğunu düşünənlər də var.
Politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, Donald Trampın İrana qarşı mümkün hərbi zərbə planı hazırkı mərhələdə daha çox strateji təzyiq aləti kimi görünür.
Onun sözlərinə görə, ABŞ tarixən İranla münasibətlərdə hərbi ritorikadan danışıqlar üçün rıçaq kimi istifadə edib və Trampın siyasi üslubu da bu xəttə uyğundur:
“CNN kimi mənbələrdə bu cür məlumatların dövri olaraq yayılması Vaşinqtonun Tehrana “seçimlərin masada olduğu” mesajını verməsinə xidmət edir. Birbaşa hərbi əməliyyat isə regionda zəncirvari reaksiya yarada biləcək risklərə görə ciddi hesablanmış qərar tələb edir. Xüsusilə Hörmüz boğazı, İsrail faktoru və müttəfiq bazalarının təhlükəsizliyi bu riski daha da artırır. Bu səbəbdən planın reallaşması üçün siyasi və hərbi şərait hələ tam formalaşmış sayılmır”.
Politoloq qeyd edib ki, bununla belə, real hərbi müdaxilə ehtimalını tam istisna etmək də doğru olmaz:
“Əgər ABŞ kəşfiyyatı İranın nüvə və ya hərbi imkanları ilə bağlı dərhal reaksiya tələb edən təhlükə qiymətləndirməsi ortaya qoyarsa, məhdud və hədəfli zərbə ssenarisi gündəmə gələ bilər. Bu cür əməliyyat genişmiqyaslı müharibədən çox, mesaj xarakterli preventiv addım kimi planlaşdırıla bilər. Trampın siyasi ritorikası daxili auditoriyaya güc nümayişi məqsədi də daşıyır. Eyni zamanda bu yanaşma İranı danışıqlara məcbur etməyə hesablanmış təzyiq mexanizminin bir hissəsidir. Yəni hazırkı mərhələdə risk mövcuddur, amma bu risk nəzarətsiz və qaçılmaz ssenari kimi görünmür”.
Niyaz Hacıyev
Sfera.az