2025-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) mənzil təminatını yaxşılaşdırmaq üçün ayırdığı kreditlərin məbləği bir qədər də artırılıb.
Rəsmi məlumatlara əsasən, ötən il fond tərəfindən 443 milyon manat məbləğində ipoteka krediti ayrılıb. Bu vəsait hesabına 4 209 ailə mənzil sahibi olub.
İpoteka kreditinin məbləği 2024-cü illə müqayisədə 0,7 faiz artıb. 2024-cü ildə İKZF xətti ilə 4 milyon manat az ipoteka krediti verilmişdi.
Bununla yanaşı, dövlətin “satmaq öhdəliyi ilə kirayə” mexanizmi çərçivəsində 2025-ci ildə 825 mənzil vətəndaşlara təqdim olunub. Ümumilikdə isə ötən il İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 5 034 mənzil satışa çıxarılıb və ya istifadəyə verilib.
Bu qədər böyük həcmdə dövlət vəsaitinin mənzil bazarına yönəlməsi isə təbii olaraq qiymətlərə təsir məsələsini gündəmə gətirir.
Bəs ipoteka kreditlərinin genişlənməsi daşınmaz əmlak bazarında bahalaşmanı sürətləndirirmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, ipoteka bazarında canlanma adətən ilin əvvəlindən başlayıb:
“Fevral ayından etibarən banklar üçün ipoteka kreditləri üzrə vəsait ayrılıb. Bu isə bazarda müəyyən seqmentlərə marağın artmasına səbəb olur. İpoteka kreditlərinin əsasən konkret tip mənzillərə yönəlməsi həmin əmlak növlərində qiymət artımını qaçılmaz edir. İpoteka predmetinə uyğun olan mənzillərin qiymətləri həmin dövrdən etibarən, təxminən 6 ay ərzində artmağa davam edəcək. Bu səbəbdən bazarda müəyyən qıtlıq müşahidə olunur. Ən çox tələbat şəhərin daxili hissələrində və qəsəbələrdə yerləşən mənzillərədir. Xüsusilə Nizami, Yasamal, Binəqədi rayonları, qismən isə Sabunçu və Suraxanı ərazilərində yerləşən evlər ipoteka götürmək istəyənlər üçün daha cəlbedicidir”.
Elnur Azadov qeyd edib ki, alıcılar əsasən müəyyən kriteriyalara uyğun mənzillərə üstünlük verirlər:
“1970-ci ildən sonra inşa olunmuş binalarda 2 otaqlı mənzillərə, yeni tikililərdə isə əsasən 2 və 3 otaqlı evlərə tələbat var. Bu da həmin kateqoriyalarda qiymətlərin daha sürətli artmasına səbəb olur”.
Ekspertin fikrincə, daşınmaz əmlak bazarında uzunmüddətli artım tendensiyası artıq illərdir davam edir:
“Ümumilikdə 2000-ci ildən başlayaraq daşınmaz əmlak bazarında davamlı qiymət artımı müşahidə olunur. Yeni tikililərdə qiymətlər təxminən 70 faizə qədər yüksəlib, ikinci əl mənzil bazarında isə artım nisbətən daha zəifdir”.
Firuzə Əliyeva
Sfera.az