Xarici mənbələrin məlumatına görə, Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri ABŞ Prezidenti Donald Trampı İrana hücum etməməyə inandırmağa çalışırlar. Bildirilir ki, müttəfiqlər bunu regionu daha böyük bir münaqişəyə cəlb etməmək məqsədi ilə əsaslandırırlar.


 


Qeyd olunur ki, ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri bir neçə həftədir ki, gərginliyi azaltmaq və İrana hücumun qarşısını almaq üçün çalışırlar.


 


ABŞ Prezidenti Donald Trampı İrana mümkün hərbi hücumdan çəkindirmək gücünə hansı dövlətlər və ya beynəlxalq aktorlar malik ola bilər? Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinin bu istiqamətdəki diplomatik səyləri real nəticə verə bilərmi?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Tural İrfan bildirib ki, ABŞ-nin İrana hücumunun qarşısını almağa çalışan ölkələr gərginliyin artması ilə özlərinin də problemlərlə üzləşə biləcəyini düşünürlər:


 



 


“Çünki ABŞ liderinin siyasi xarakteri elədir ki, həmin ölkələr də müharibə zamanı müxtəlif yollarla savaşa qoşulmağa cəlb edilə bilərlər. Şübhəsiz ki, müharibə istənilən halda arzuolunan deyil. İstər region üçün, istərsə də dünya üçün təhlükə deməkdir. Ancaq ABŞ-ni İrana müdaxilədən çəkindirməyə çalışan dövlətlər eyni zamanda İranı da mövcud siyasətindən dönməyə çağırmalıdırlar. Çağırışlar birtərəfli olduqda, təbii ki, ABŞ onları dinləməyəcək. Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri sayılan bu ölkələrin səylərinin indiki situasiyada təsirli olacağı ehtimalı azdır. Çünki artıq ABŞ sanki müharibəyə qərar vermiş kimidir. Qərar isə müzakirə olunmur, icra olunur. ABŞ əslində tərəddüdlü deyil, sadəcə manevr edərək elə bir görüntü yaradır ki, guya danışıqlara gedə bilər”.


 


T.İrfan beynəlxalq aktorların da təsirinin hiss olunmayacağını qeyd edib:


 


“Müharibədən yeganə çıxış yolu, yaxud hərbi müdaxiləni bir qədər ləngitmək yalnız İrandan asılıdır. İran ABŞ-nin tələblərini nisbi də olsa qəbul etmir və danışıqlara meyl göstərmir. Təhdid dili ilə də müharibədən qurtulmaq mümkünsüzdür. İsrailin də ABŞ-yə təsiri böyükdür. Çünki İsrail İranı özü üçün böyük təhdid kimi təqdim edir və Vaşinqtonu öz müttəfiqini qorumaq naminə fakt qarşısında qoyur. Eyni zamanda, İranda son hadisələr zamanı baş verən qətllər beynəlxalq aləmdə də rəyin mənfi istiqamətdə dəyişməsinə səbəb oldu. İran hakimiyyəti isə ən böyük səhvini insanları qırmaqla buraxdı. ABŞ nüvə proqramının ləğvi ilə yanaşı, xalqın çağırışlarını da əsas gətirir və beynəlxalq aləmi özünün xilaskar olduğuna inandırmağa çalışır”.


 


Fidan Hacızadə


Sfera.az