ABŞ-nin Fars körfəzindəki hərbi mövcudluğunun artırılması prosesi yaxın günlərdə başa çatacaq.
Sfera.az xəbər verir ki, amerikalı rəsmi bir portalın məlumatına görə, hazırda əsas diqqət hazırlıq mərhələsinə yönəlib. Mənbə qeyd edib ki, Prezident Donald Tramp yaxın günlərdə İranla bağlı yeni qərar qəbul edə bilər.
Vaşinqtonun Yaxın Şərqdə artan hərbi iştirakının tərkib hissəsi olaraq, "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi zərbə qrupu, F-15 qırıcılarından ibarət eskadrilya və C-17 hərbi nəqliyyat təyyarələri artıq bölgəyə yerləşdirilib.
Donald Tramp daha əvvəl İrana doğru genişmiqyaslı hərbi əməliyyatın başlanacağını bildirmişdi. O, Tehranın danışıqlar masasına əyləşərək, “nüvə silahlarının tamamilə ləğvi”ni də əhatə edən “ədalətli və bərabər” razılaşmaya razılaşacağına ümid etdiyini vurğulayıb.
ABŞ prezidenti ötən ilin iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələri xatırladaraq, həmin əməliyyatın “Gecəyarısı Çəkic Əməliyyatı” adlandırıldığını qeyd edib. Tramp “növbəti hücumun daha da ağır olacağını” bildirərək Tehrana “bunun baş verməsinə imkan verməmək” çağırışı edib.
Niyaz Hacıyev
Sfera.az