Donald Tramp bu axşam Oval ofisdən elan edilməmiş bir bəyanat verəcək. Çıxışın ABŞ vaxtı ilə saat 16:30-da (Bakı vaxtı ilə 01:30) başlaması planlaşdırılıb.


 


Bundan əlavə, saat 10:00-da (Bakı vaxtı ilə 19:00) Amerika lideri qapalı kəşfiyyat brifinqində iştirak edəcək və saat 11:00-da (Bakı vaxtı ilə 20:00) dövlət başçısı kabinet iclası keçirəcək.


 


Çıxış İranla bağlı yeni qərarların elanına yönələcək, yoxsa uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı mühüm mesajları əhatə edəcək? Trampın bəyanatı qlobal təhlükəsizlik gündəmini dəyişə biləcək addımların anonsu olacaqmı?


 


Sfera.az-a bu haqda açıqlama verən politoloq Yusif Bağırzadənin sözlərinə görə, mövcud xəbərlər və Tramp administrasiyasının son addımları nəzərə alınaraq, çıxışın əsas fokusunun İranla bağlı qərarların elanına yönələcəyi ehtimalı daha yüksək görünür:


 



 


“Tramp son həftələrdə İranla münasibətlərdə gərginliyin artdığı dönəmdə bir sıra açıqlamalar verib. ABŞ-nin regiona hərbi qüvvələrin yerləşdirilməsi xəbərləri və diplomatik ultimatumların səsləndirilməsi göstərir ki, administrasiya Tehrana qarşı mövqeyi sərtləşdirməyə hazırlaşır. Eyni zamanda o da məlumdur ki, ABŞ İranla dialoq və lazım gələrsə Türkiyənin də iştirakı ilə üçtərəfli sammit keçirmək ehtimalına da isti baxır. Şübhəsiz ki, bu cür hərəkətlərin mərkəzində Trampın faydaya əsaslanan yanaşması dayanır. ABŞ yalnız öz maraqlarına xidmət edəcək addımlar atır və beynəlxalq institutları bu çərçivədə alət kimi istifadə edir. Buna görə də çıxışın İranın nüvə proqramı, regiondakı nüfuz mübarizəsi və diplomatik danışıqlarla bağlı olacağı ehtimalı yüksəkdir”.


 


Politoloq Rusiya-Ukrayna müharibəsi mövzusunun Trampın çıxışının diqqət mərkəzində olacağını düşünmür:


 


“Amma bu böhranın da ümumi proses səviyyəsində xatırlanması mümkündür. Əsas diqqət isə İran məsələsinə yönəldiləcək. Gözləntilər odur ki, Tramp çıxışında İranla bağlı ciddi yeni qərarlar və strategiyalar açıqlasın. Bu günki açıqlamadan asılı olaraq ABŞ-İran münasibətlərində gərginliyin artırılması və ya yeni dialoq mərhələsinin başlanması mümkün olacaq. Odur ki, Trampın bu axşamki bəyanatları yalnız ABŞ-İran münasibətləri üçün deyil, qlobal təhlükəsizlik gündəmi üçün də əhəmiyyətli olacaq. Çıxışın tərkibi və elan olunacaq qərarlar, beynəlxalq aktorların regiondakı mövqelərini yenidən qiymətləndirməsinə, diplomatik və hərbi planlarını uyğunlaşdırmasına səbəb ola bilər. Bu baxımdan, bəyanat, yalnız konkret addımların anonsu olmaqla qalmayacaq, həm də Yaxın Şərq və dünya siyasətində risk və imkan balansını dəyişdirəcək strateji mesaj rolunu oynaya bilər”.


 


Məsələ ilə bağlı politoloq Azad Məsiyev də öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, Trampın verəcəyi bəyanatlar Amerikanın strategiyasına uyğun olacaq:


 



 


“Amerikada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, istər respublikaçılar hakimiyyətdə olsun, istərsə də demokratlar, Amerika strategiyası qorunmalıdır. Amerika strategiyası ondan ibarətdir ki, Amerika imperiyasına təhlükə yaradan amillər aradan qaldırılmalıdır. Amerika imperiyasına üç təhlükə mənbəyi var. Onlardan biri Rusiyadır, hərbi gücünə görə. İkinci Çin, iqtisadi gücünə görə. Üçüncüsü isə Avropanın pul vahidi olan yevrodur, maliyyə gücünə görə. Çünki Amerikanın gücü tankda, topda, raketdə deyil, Amerikanın gücü dollardadır. Dollar zəiflədikcə Amerika imperiyası çökür”.


 


Ekspertin fikrincə, ABŞ qlobal dünyada öz imperiyasını qorumaq üçün xaos yaradır və xammal fonunda maraqlarını həyata keçirir:


 


“İstər Fərat bölgəsində, istər Qrenlandiyada, öz müttəfiqlərinə qarşı fəaliyyət göstərir. Avropa ilə ABŞ arasında böyük fikir ayrılığı mövcuddur. NATO blokunda çatlar meydana gəlir. ABŞ Qrenlandiyada nəzarəti götürməklə həm Arktikaya, həm də Qrenlandiyadakı təbii sərvətləri əlində saxlayır və dünyaya diktə edir. ABŞ beynəlxalq münasibətləri beynəlxalq hüquqla deyil, güc tətbiq etməklə, gücün qanunu ilə idarə edir. “Mən haqlıyam, mən güclüyəm” prinsipi gündəmə gətirilir. Dünyada nə qədər xaos varsa, bu xaosun arxasında Birləşmiş Dövlətlər durur. Məsələn, Ukrayna münaqişəsi də Birləşmiş Dövlətlər tərəfindən yaradıldı və ABŞ indiki Tramp dövründə açıq şəkildə bəyan etdi ki, bu müharibə Co Baydenin müharibəsidir”.


 


Bəsti Rəfizadə


Sfera.az