Bekhem ailəsində uzun müddətdir davam edən qayınana–gəlin böhranı yeni və daha qalmaqallı mərhələyə keçib. Bruklin Bekhemin son açıqlamaları gündəmi silkələdikdən sonra bu dəfə diqqətlər Nikola Peltzin Selena Qomezlə bağlı qəfil addımına yönəlib. Sosial mediada parçalar dəyişir, oxlar isə yenidən Nikolanın üzərinə çevrilir.
Sfera.az təfərrüatları təqdim edir.
Bir zamanlar “nümunəvi ailə” kimi təqdim olunan Bekhemlər, böyük oğul Bruklin Bekhemin 2022-ci ildə Nikola Peltzlə evlənməsindən sonra bitib-tükənməyən qayınana–gəlin dramının mərkəzinə düşüb. Əvvəlcə dedi-qodu səviyyəsində danışılan bu gərginlik zamanla müsahibələrə, açıq mesajlara və sosial media paylaşımlarına daşınıb.
Son böhran isə birbaşa Bruklinin açıqlamaları ilə alovlanıb. Onun evlilikdən sonra Bekhem–Peltz soyadını istifadə etməsi, bədənindəki saysız Nikola temalı döymələr və arvadına “həddindən artıq bağlı” görüntüsü ailədən uzaqlaşdığı fikirlərini daha da gücləndirib. Xüsusilə Bruklinin toy gecəsindəki ilk rəqs məsələsində dolayı yolla anası Viktoriya Bekhemi günahlandırması, indiyədək pıçıltı ilə danışılan gərginliyi açıq ailə böhranına çevirib.
Bu açıqlamadan sonra bütün gözlər istər-istəməz Viktoriya Bekhemə çevrildi. Sosial mediada “ilk rəqs gecəsində nə baş verib?” sualı ətrafında qızğın müzakirələr başladı. Bir tərəf Viktoriya Bekhemi soyuq və dominant qayınana kimi təqdim etsə də, digər tərəf bütün xaosun mərkəzində məhz Nikola Peltzin dayandığını iddia etməyə başladı.
Müzakirələr böyüdükcə sui-qəsd nəzəriyyələri də ortaya çıxdı. Ən çox səsləndirilən iddialardan biri Nikolanın bu gərginliyi yeni filmi “Prima” üçün PR məqsədilə qızışdırması oldu. Filmin prodüseri onun milyarder atası Nelson Peltz, rejissorları isə ailəyə yaxınlığı ilə tanınan Alessandro və Luca Morelli qardaşlarıdır. Bu faktlar “Nikola sənayedə öz yolunu qalmaqalla açır” fikirlərini daha da gücləndirdi.
Və bütün bu müzakirələrin üzərinə yeni bir hadisə əlavə olundu.
Nikola Peltz uzun müddət ən yaxın rəfiqəsi kimi tanınan Selena Qomezlə çəkilmiş tam 86 şəkli qəfil olaraq “Instagram” hesabından sildi. Bununla da kifayətlənməyərək, qısaömürlü, amma çoxmənalı bir hekayə paylaşdı:
“Bəzi dostluqların bitmə tarixi var".
Hekayə cəmi 15 dəqiqə aktiv qalsa da, artıq sosial mediada yayılmağa kifayət etmişdi. Halbuki cəmi bir neçə ay əvvəl Nikola və Bruklin hara gedirdisə, Selena Qomez də onlarla birlikdə görünürdü.
Qayınana–gəlin gərginliyi, Bruklinin açıqlamaları və indi də Selena Qomez addımı ilə birlikdə, sosial mediada “Nikola Peltz getdiyi yerə xaosu da özü ilə aparır” şərhləri daha yüksək səslə səsləndirilməyə başlayıb.
Bütün bu mənzərədə isə Viktoriya Bekhem, gözlənilməz şəkildə, ilk dəfə bu ailə dramının ən haqlı tərəfi kimi görünür.
Aynil
Sfera.az