Heç diqqət etmisinizmi, niyə dünyadakı təyyarələrin böyük əksəriyyəti ağ rəngdədir? Bu seçim sadəcə estetik zövqlə bağlı deyil. Əksinə, ağ rəng aviasiya sənayesində mühəndislik, təhlükəsizlik və milyonlarla dollarlıq qənaət deməkdir.
Sfera.az bildirir ki, təyyarələrin ağ rəngdə olmasının əsas səbəbi xərclərin azaldılması və texniki təhlükəsizliyin artırılmasıdır. Bu, aviaşirkətlərin təyyarələri rəngləməyə “tənbəl” olması ilə heç bir şəkildə əlaqəli deyil.
Ağ rəngin seçilməsinin ən fundamental səbəbi onun günəş şüalarını əks etdirmə qabiliyyətidir. Yay aylarında tünd rəngli geyimlərin daha çox istilik topladığı kimi, tünd rəngli təyyarələr də günəş radiasiyasını udaraq gövdənin həddindən artıq qızmasına səbəb olur. Ağ boya isə istiliyi əks etdirərək təyyarənin daxili mühitini və kritik texniki sistemləri daha sərin saxlayır.
Bu amil təkcə sərnişin komfortu ilə məhdudlaşmır, birbaşa yanacaq sərfiyyatına təsir göstərir. Gövdə nə qədər az qızarsa, kondisioner sistemləri bir o qədər az enerji sərf edir. Bu isə yerüstü hərəkət və uçuş zamanı əhəmiyyətli yanacaq qənaəti deməkdir. Böyük aviaşirkətlər üçün bu fərq ilin sonunda milyonlarla dollar qazanc yaradır.
Aviasiyada təhlükəsizlik dəyişməz prioritetdir və ağ rəng bu baxımdan da mühüm rol oynayır. Metal yorğunluğu, yağ və maye sızmaları, korroziya izləri və ya quş toqquşmaları nəticəsində yaranan zədələr ağ səthdə daha tez və asan aşkar edilir. Bu, texniki heyətin müntəzəm baxışlar zamanı ən xırda problemi belə vaxtında görməsinə imkan yaradır və uçuş təhlükəsizliyini artırır.
İqtisadi baxımdan isə təkrar satış və icarə dəyəri ön plana çıxır. Təyyarələr tez-tez icarəyə verildiyi və ya başqa aviaşirkətlərə satıldığı üçün ağ rəngdə olan təyyarəni ötürmək daha rahatdır. Yeni istifadəçi sadəcə öz loqosunu və dizayn elementlərini əlavə edərək təyyarəni qısa müddətdə istismara verə bilir.
Əgər təyyarə tamamilə tünd və ya xüsusi dizaynda boyansaydı, köhnə boyanın təmizlənməsi, yenidən rənglənməsi həm əlavə çəki, həm də yüz minlərlə dollar xərc və vaxt itkisi demək olardı. Qeyd edək ki, bir təyyarənin rənglənməsi 150 min – 300 min dollar arasında dəyişir və bu müddətdə hava gəmisi həftələrlə uçuşdan kənarda qalır.
Aynil
Sfera.az