Ər-Riyadın mərkəzində inşa edilməsi planlaşdırılan və Kəbəyə bənzədiyi üçün geniş müzakirələrə səbəb olan “Mukaab” meqa-layihəsi maliyyə və texniki-iqtisadi problemlər səbəbindən dayandırılıb.


 




Sfera.az xəbər verir ki, “Reuters”in məlumatına görə, layihənin icrası hələ təməl qazıntısı və svayların quraşdırılması mərhələsindən irəli keçməyib. Məsələyə yaxın dörd mənbə bildirir ki, Mukaabın dayandırılmasına baxmayaraq, ərazidə planlaşdırılan digər daşınmaz əmlak layihələri əvvəlcədən müəyyən edilmiş qrafik üzrə davam edəcək.


 




Səudiyyə Ərəbistanı hökuməti hazırda vəliəhd şahzadə Məhəmməd bin Salmanın “Vizyon 2030” strategiyası çərçivəsində yüksək xərc tələb edən futuristik layihələrdən daha tez gəlir gətirəcək, qısamüddətli investisiyalara üstünlük verir. Yeni prioritetlər sırasına 2030-cu il Dünya Sərgisi, 2034-cü il Futbol üzrə Dünya Kuboku üçün infrastruktur layihələri, 60 milyard dollarlıq Diriyah mədəniyyət zonası və Qiddiya turizm meqa-layihəsi daxildir. Bu dəyişiklik aşağı neft qiymətlərinin yaratdığı maliyyə təzyiqləri ilə əlaqələndirilir.


 




Mukaab layihəsi 400x400 metr ölçülərində metal kub formasında dizayn edilmişdi. Quruluşun daxilində dünyanın ən böyük süni intellektlə idarə olunan, 300 metr hündürlüyündə günbəz formalı ekranın yerləşdirilməsi və ziqurat tipli strukturun qurulması planlaşdırılırdı. Layihənin baş direktoru Maykl Dayk dekabr ayında Ər-Riyadda keçirilən konfransda Mukaabın reallaşdırılmasının mürəkkəbliyinə diqqət çəkərək, layihənin “içərisinə daxil olduqda insanı başqa bir dünyaya aparan təcrübə” təqdim edəcəyini demişdi.


 




Təxminən 20 Empire State Building böyüklüyündə və 2 milyon kvadrat metr qapalı sahəyə malik olması nəzərdə tutulan Mukaab, tamamlandığı təqdirdə dünyanın ən böyük tək hissəli binası olacaqdı.


 




“Knight Frank” konsaltinq şirkətinin qiymətləndirməsinə görə, Yeni Murabba ərazisinin ümumi dəyəri təxminən 50 milyard dollar təşkil edir. İlkin olaraq 2030-cu il üçün nəzərdə tutulan layihənin tamamlanma tarixi daha sonra 2040-cı ilə təxirə salınmışdı. Layihənin dizaynının Kəbəyə bənzədilməsi isə sosial mediada ciddi tənqidlərə yol açmışdı.




Planlara əsasən, Mukaab çərçivəsində 2030-cu ilə qədər 104 min mənzil tikilməsi, Səudiyyə Ərəbistanı iqtisadiyyatına 180 milyard rial töhfə verilməsi və 334 min birbaşa və dolayı iş yerinin yaradılması nəzərdə tutulurdu.


 


Aynil


Sfera.az