Viktoriya və Devid Bekhemlər uzun müddətdir gərgin münasibətdə olduqları böyük oğulları Bruklin Bekhemlə barışmağa hazırdırlar, lakin bu barışığın vacib bir şərti var. Məşhur cütlük Bruklini yenidən ailəyə qəbul etməyə razı olsa da, onun həyat yoldaşı Nikola Peltzlə münasibətləri düzəltmək niyyətində deyil.
Sfera.az bildirir ki, ailəyə yaxın mənbələrin sözlərinə görə, Devid və Viktoriya oğullarını çox sevir və onu tamamilə itirməkdən qorxurlar. Bir çoxları Bekhemlərin Bruklini dərhal geri qəbul edəcəyini düşünsə də, başqa bir mənbə vəziyyətin bu qədər sadə olmadığını deyir:
“Nikola yoxa çıxmayınca Bekhemlər oğulları ilə barışmaq niyyətində deyillər”.
İddialara görə, Bruklin son üç il ərzində həyat yoldaşı Nikola Peltzdən, valideynlərindən aldığı dəstəkdən daha güclü bir bağlılıq hiss edib. Bu da onun ailəsindən uzaqlaşmasında əsas faktorlardan biri kimi göstərilir.
Bununla belə, Bekhem ailəsinə yaxın başqa bir mənbə Devid və Viktoriyanın oğullarının nə vaxtsa geri dönəcəyinə inandığını bildirir. Mənbənin sözlərinə görə, hazırda vəziyyəti dəyişmək onların əlində deyil və zamanın hər şeyi yoluna qoyacağına ümid edirlər.
Qeyd edək ki, 26 yaşlı Bruklin Bekhem ötən həftə “Instagram”da paylaşım edərək ailəsindən uzaqlaşmasının səbəblərinə toxunub və valideynləri ilə əlaqə saxlamaq istəmədiyini açıq şəkildə bildirib.
Xüsusilə Bruklin iddia edib ki, anası Viktoriya Bekhem toy günü son anda Nikolanın gəlinliyini “məhv edib”, daha sonra isə onun yanında “yersiz” şəkildə rəqs edərək yeni evlənən cütlüyün ilk rəqsini kölgədə qoyub.
Lakin Viktoriya ilə Nikola arasındakı gərginliyin cütlüyün 2022-ci ilin aprelində baş tutan toyundan xeyli əvvəl başladığı da iddia olunur. Peltz ailəsinə yaxın mənbə bildirir ki, əvvəlcə münasibətlər normal olub, lakin sonradan vəziyyət dəyişib:
“Viktoriya qısqanc bir qız kimi davranmağa başladı”.
Bu iddiaya isə Bekhem ailəsinin mənbəsi sərt reaksiya verib:
“Əslində qısqanan Nikoladır. O, məşhur olmaq istəyir”.
Mənbələr əlavə edir ki, mübahisənin kökündə iki ailənin tamamilə fərqli həyat tərzləri dayanır. Bekhemlərin son dərəcə məşhur və ictimai həyatı bu gərginliyi daha da dərinləşdirib.
Hazırda isə nə Devid, nə də Viktoriya Bekhem Bruklinin irəli sürdüyü iddialarla bağlı açıq açıqlama verməyib.
Aynil
Sfera.az