ABŞ ilə İran arasında gərginlik səngimək bilmir. Vaşinqtonun Tehrana qarşı irəli sürdüyü sərt tələblər və bu tələblərə əməl olunmayacağı təqdirdə hərbi zərbə ehtimalının açıq şəkildə dilə gətirilməsi regionda narahatlığı artırıb. Xüsusilə ABŞ Prezidenti Donald Trampın “tələblər yerinə yetirilməsə, İran vurulacaq” bəyanatı beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub. ABŞ-İran münasibətləri uzun illərdir qarşıdurma xətti üzrə inkişaf edir və tərəflər arasında etimadsızlıq hələ də aradan qalxmayıb. 


 


Bəs ABŞ-nin tələblərinə niyə əməl etmək istəmir, rəsmi Tehran nəyə güvənir?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, İran beynəlxalq sistemdə müstəqil siyasət yürüdə bilən nadir ölkələrdən biridir:


 


“Dünyada təxminən 200-ə yaxın dövlət var. Onların içərisində cəmi 20-yə yaxın ölkə tam müstəqil xarici siyasət apara bilir. İran da həmin ölkələrdən biridir”.


 


Politoloqun sözlərinə görə, Tehran özünü regionda və qlobal miqyasda böyük dövlət kimi görmək istəyir və bu iddiadan geri çəkilmək niyyətində deyil:


 



 


“İran əvvəlki güc statusuna qayıtmaq, böyük dövlət olmaq istəyir. Müasir dünyada bunun əsas şərtlərindən biri nüvə gücünə sahib olmaqdır. Lakin bu imtiyaz müsəlman ölkələrinə demək olar ki, tanınmır. Pakistan nüvə silahına yalnız Çinin dəstəyi ilə, Hindistandan təxminən 10 il sonra sahib ola bildi. Çünki nüvə potensialı təhlükə kimi qəbul edilir. Maraqlıdır ki, 1970-ci ildən atom bombasına sahib olan İsrail təhlükə sayılmır, amma İran təhlükə kimi təqdim olunur”.


 


Ekspertin fikrincə, ABŞ-ın İran üzərində təzyiqinin arxasında təkcə təhlükəsizlik məsələləri dayanmır:




“İranın zəngin enerji resursları, xüsusilə nefti ABŞ üçün strateji əhəmiyyət daşıyır. Vaşinqton bu resurslar üzərində nəzarət imkanlarını genişləndirmək və öz şərtlərini Tehrana qəbul etdirmək istəyir. Rejimin bu təzyiqlərə boyun əyib-əyməyəcəyini isə zaman göstərəcək”. 


 


Firuzə Əliyeva

Sfera.az