2026-cı il üzrə beynəlxalq analitik mərkəzlərin hesabatları göstərir ki, qlobal nizam getdikcə daha gərgin mərhələyə daxil olur. Ekspertlər dünyanı “daha zorakı və nizamsız” kimi xarakterizə edir və bildirirlər ki, bəzi münaqişələr səngimək əvəzinə genişlənə, digərləri isə diplomatik kanallar sayəsində qismən sabitləşə bilər.
Sfera.az bildirir ki, 2026 geopolitik baxımdan “dönüş nöqtəsi” ola bilər və böyük güclər diplomatiya ilə yanaşı qarşıdurma riskini də artırır. ABŞ-İran xətti ən təhlükəli ssenarilərdən biri hesab olunur. Proqnoza görə, Vaşinqton və İsrail Tehrana təzyiq göstərmək üçün məhdud hərbi addımlar ata bilər, bu addımlar tammiqyaslı müharibəyə yönəlməsə də, neft bazarını sarsıda və regionda gərginliyi artıra bilər.
Digər əsas risk isə böyük güclər arasında rəqabətin artmasıdır. 2026-da siyasi dəyişikliklər fonunda dövlətlərin diplomatiya və münaqişə strategiyalarını yenidən quracağı, bunun da qarşıdurma ehtimalını yüksəldəcəyi gözlənilir. Bundan əlavə, bəzi proqnozlar qlobal iqtisadi və siyasi sistemin ciddi təzyiq altında olduğunu, bunun yeni böhran və müharibə ehtimallarını artırdığını vurğulayıb.
Regional səviyyədə isə Çin-Tayvan gərginliyi ən çox müzakirə olunan təhlükələrdən sayılır – ABŞ-nin dəstəyi zəifləyərsə, Pekin daha sərt addımlar ata bilər. Beynəlxalq ekspertlər 2026-nın “daha yaxşı olmayacağını” və Ukrayna, Sudan, Myanma və Sahel kimi bölgələrdə döyüşlərin artıq davam etdiyini bildirib. Sudanda vətəndaş müharibəsi xüsusilə ağır humanitar böhran yaradıb, tərəflər arasında çıxılmaz vəziyyət və xarici güclərin maraqları səbəbindən yaxın perspektivdə de-eskalasiya əlaməti görünmür.
Yəməndə isə böyük hərbi əməliyyatlar və strateji ərazilərin ələ keçirilməsi münaqişənin daha da genişlənə biləcəyini göstərir. Bəzi analitiklər 2026-da dünyada 40-dan çox ərazinin müharibə və ya silahlı toqquşma təhlükəsi altında qalacağını proqnozlaşdırıb. Bütün risklərə baxmayaraq, bəzi regionlarda diplomatik imkanlar qalıb. ABŞ vasitəçiliyi ilə Konqo və Ruanda arasında onilliklərdir davam edən qanlı qarşıdurmanı bitirməyə yönəlmiş sülh razılaşması imzalanıb və bu addımın davamlı sabitlik yarada biləcəyi ehtimal olunub.
Eyni zamanda, İranla bağlı ssenarilərdən biri də ilin sonuna doğru mümkün razılaşma və gərginliyin azalmasıdır ki, bu da enerji bazarlarında riskləri aşağı sala bilər. Dünya İqtisadi Forumunun hesabatı risklərin artmasını müxtəlif zaman kəsiklərində təhlil edərək qərarvericilərin eyni anda həm mövcud böhranları, həm də yeni təhlükələri idarə etməli olacağını vurğulayıb.
Bəsti Rəfizadə
Sfera.az