Ümumi mərhələnin səkkiz turundan sonra Avropa Liqası çempionluğu uğrunda mübarizəni davam etdirəcək 24 komanda müəyyənləşib.
Sfera.az xəbər verir ki, ümumi mərhələdə 36 komanda iştirak edib.
İlk səkkiz komanda birbaşa 1/8 finala vəsiqə qazanıb, 9-cu yerdən 24-cü yerə qədər olan klublar isə pley-off mərhələsində 1/8 finala yüksəlmək üçün mübarizə aparacaq.
1/8 finala vəsiqə qazanan komandalar bunlardır: Fransanın "Lion", İngiltərənin "Aston Villa" (hər ikisi 21 xalla), Danimarkanın "Midtyulland" (19), İspaniyanın "Betis", Portuqaliyanın "Porto" və "Braqa", Almaniyanın "Frayburq" (hamısı 17 xalla) və İtaliyanın "Roma" (16 xalla).
Pley-off mərhələsində 1/8 finala vəsiqə uğrunda yarışacaq komandalar isə bunlardır: Belçikanın "Genk" (16), İtaliyanın "Bolonya", Almaniyanın "Ştutqart", Macarıstanın "Ferensvaroş" (15), İngiltərənin "Nottinqem", Çexiyanın "Viktoriya", Serbiyanın "Srvena Zvezda" (14), İspaniyanın "Selta" (13), Yunanıstanın "PAOK" və "Panatinaikos", Fransanın "Lill", Türkiyənin "Fənərbaxça" (12), Şotlandiyanın "Seltik" (11), Bolqarıstanın "Ludoqorets", Xorvatiyanın "Dinamo Zaqreb" (10) və Norveçin "Brann" (9).
Pley-off mərhələsinin püşkatması 30 yanvarda keçiriləcək. İlk oyunlar 19 fevral, cavab oyunları isə 26 fevralda oynanacaq. 1/8 finalın açılış oyunları 12 mart, cavab oyunları isə 19 mart tarixində keçiriləcək. Turnirin əvvəlki mərhələsində İngiltərənin "Tottenhem Hotspur" komandası qalib gəlib. Final isə 20 mayda İstanbuldakı "Beşiktaş" stadionunda baş tutacaq.
Niyaz Hacıyev
Sfera.az