Dünya kinosunun əfsanəvi simalarından olan Ceki Çan Pekində yeni filminin premyerasında verdiyi açıqlama ilə böyük səs-küyə səbəb olub.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, 71 yaşlı usta aktyor ailəsi və idarəetmə heyəti tərəfindən indiyədək gizli saxlanılan “gizli vəsiyyətnamə”si barədə ilk dəfə ictimaiyyətə danışıb.


 


Karyerası boyunca təhlükəli səhnələrdə dəfələrlə ölümlə üz-üzə qaldığını xatırladan Ceki Çan, pərəstişkarlarını göz yaşlarına boğan xüsusi bir hazırlıq gördüyünü etiraf edib. Məşhur aktyor ölümündən sonra yayımlanmasını istədiyi xüsusi bir vida mahnısı yazdığını açıqlayıb. Premyera zamanı çıxış edən Çan həmin mahnını dünyaya son mesajı kimi xarakterizə edib.


 


O bildirib ki, son illərdə yaxın dostlarını və sevdiklərini itirməsi onun həyata baxışını köklü şəkildə dəyişib: “İndi demək istədiyim hər şeyi deməliyəm, etmək istədiyim hər şeyi dərhal etməliyəm. Bütün hisslərimi bir mahnıya çevirdim”.


 


Aktyor qeyd edib ki, mahnı ailəsinin və idarəetmə komandasının xahişi ilə hazırda gizli saxlanılır, lakin onun vəfat etdiyi gün mütləq yayımlanacaq. Ceki Çan çıxışında yaşlanma mövzusuna da toxunub. Qəzzada yaşayan bir uşağın “Buradakı uşaqlar böyüyə bilməzlər” sözlərini xatırladan aktyor, qocalmağın əslində bir imtiyaz olduğunu vurğulayıb.


 


Fidan Hacızadə


Sfera.az