NATO Hərbi Komitəsinin rəhbəri, admiral Cüzeppe Kavo Draqone “Corriere della Sera” qəzetinə müsahibəsində Avropa ordusunun yaradılmasının aleyhinə çıxış edib. O, yeni ordu yaratmaqdansa Avropa ilə ABŞ arasında hərbi əməkdaşlığın yeni mexanizmlər üzərindən gücləndirilməsinin daha məqsədəuyğun olduğunu bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Ukraynanın müdafiəsinə soyuq yanaşması Avropada narahatçılıq yaradıb. Avropa ölkələri qitənin təhlükəsizliyini təmin etmək üçün yeni hərbi birliyin yaradılmasının vacib olması qənaətinə gəliblər.
Siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlamasında bildirib ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı arasında soyuq küləklərin əsməsi qitə ölkələrinin təhlükəsizlik qayğılarını da bərabərində gətirir.
Onun sözlərinə görə, Donald Trampın ABŞ prezidenti seçilməsi narrativləri kökündən dəyişib:
“İkinci Dünya müharibəsindən sonra Birləşmiş Ştatların külli miqdarda vəsait sərf etməklə formalaşdırdığı təhlükəsizlik çətirində yaşayan Avropa dövlətləri uzun müddət komfort zonada yaşamaqla həyati əhəmiyyətli məsələləri məhz ikinci plana atmışdı. Lakin Donald Trampın ABŞ prezidenti seçilməsi narrativləri kökündən dəyişdi. Vaşinqton artıq Avropanın təhlükəsizlik yükünü çəkmək istəmir. Təbii ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda ciddi təhlükəsizlik boşluğu yaşayan Avropa üçün bu qərar sanki bir şok effekti yaratdı”.
Siyasi şərhçi qeyd edib ki, Avropanın təhlükəsizlik yükünü öz üzərinə götürməyə məcbur qalması fonunda birlik daxilində vahid mövqeyin formalaşması və ABŞ ilə ortaq razılığa gəlmək məsələsi gündəmə çıxır:
“Birlik rəsmilərinin tərifindən Qoca qitənin vahid ordusu, zərbə qüvvələrinin formalaşdırılması istiqamətində müxtəlif fikirlər səslənsə də, müşahidə edirik ki, qərarsızlıq və vahid mövqeyə cəmləşməmək yekunda səslənən fikirləri elə fikir müstəvisində saxlayır. Düzdür, ayrı-ayrı dövlətlər, xüsusilə, Almaniya və Fransa silahlanma istiqamətində ciddi qərarlar qəbul edirlər. Lakin bunlar hələ zaman alacaq bir məsələdir və ABŞ-nin öhdəliyinə götürdüyü rolu əvəz etmək üçün yetərli deyil. İndi isə yenidən Vaşinqtonla hər hansı bir formada razılığa gəlməyin yollarının axtarıldığının şahidi oluruq. Lakin hesab edirəm ki, ABŞ məhz Avropa ölkələrinin lazımı maliyyə vəsaitləri xərcləməyəcəyi təqdirdə əvvəlki mövqeyə qayıtmayacaq. Ehtimal ki, bu tip məsələlərdə və Ağ evin irəli sürdüyü faktorlar fonunda Avropa rəsmiləri Birləşmiş Ştatlarla ortaq məxrəcə gəlməyə çalışsın”.
Niyaz Hacıyev
Sfera.az