Son illər ABŞ və İsrailin İran siyasətində əsas arqument kimi nüvə proqramı ön plana çıxarılır. Rəsmi Vaşinqton və Təl-Əviv Tehranın nüvə silahı əldə etməsinin regional və qlobal təhlükəsizlik üçün ciddi təhdid yaratdığını bildirir. Bu səbəbdən də İrana qarşı sanksiyalar və siyasi təzyiqlər göstərilir. 


 


Lakin əsas sual açıq qalır. ABŞ və İsraili doğrudanmı yalnız İranın nüvə proqramı narahat edir? İran nüvə silahının hazırlanmasından imtina edərsə, bu təzyiqlər bitə bilərmi?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Murad Sadəddinov hesab edir ki, məsələ təkcə nüvə proqramı ilə bağlı deyil. 


 


Onun sözlərinə görə, ABŞ İran qarşısında bir neçə ciddi tələb irəli sürüb:


 


“Bu tələblərdən yalnız biri nüvə proqramı ilə bağlıdır. Digər əsas tələb İranın ballistik raket proqramının məhdudlaşdırılmasıdır. Vaşinqton tələb edir ki, İran 300 kilometrdən artıq məsafəyə uçan raketlərin istehsalını dayandırsın. Təzyiqlər bununla məhdudlaşmır. ABŞ eyni zamanda İranın regionda fəaliyyət göstərən silahlı və terrorçu qruplaşmaları maliyyələşdirməməsini də tələb edir”. 


 


Politoloq qeyd edib ki, tələblərin sayı çoxdur və bu səbəbdən problem yalnız nüvə proqramının dayandırılması ilə bitməyəcək:


 


"Üstəlik, İranın nüvə proqramından tam imtina etməsi real və inandırıcı görünmür. İranla Qərb ölkələri arasındakı qarşıdurma təkcə təhlükəsizlik məsələləri ilə deyil, Yaxın Şərqdə siyasi və hərbi təsir uğrunda mübarizə ilə də sıx bağlıdır".


 


Firuzə Əliyeva

Sfera.az