Avropa İttifaqının Rusiyaya qarşı sanksiya siyasəti davam edir. Son qərara əsasən, Rusiya çirkli pulların yuyulması riski səbəbilə yüksək riskli ölkələr siyahısına qara siyahıya daxil edilib.


 


Bu addımın Rusiya bankları ilə beynəlxalq maliyyə əməliyyatlarını çətinləşdirəcəyi, prosesləri ləngidəcəyi və xərcləri artıracağı bildirilib.


 


Bəs, Aİ-nin bu addımı Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına səbəb ola bilərmi?


 


Sfera.az-a bu haqda açıqlama verən politoloq Elçin Xalidbəylinin sözlərinə görə, əslində, Ukrayna savaşı çoxdan sona çata bilərdi:


 



 


“Rusiyaya qarşı Avropa Birliyinin sanksiya siyasəti çox güclü olmasa da, öz effektini verməyə başlamışdı və indinin özündə də həmin sanksiyalar Rusiya üçün olduqca sarsıdıcı zərbələr vurmaqdadır. Rusiya iqtisadiyyatında olduqca ağır bir durum mövcuddur. Təbii ki, rəsmi dairələr Rusiya iqtisadiyyatının çöküş prosesini etiraf etmək istəmirlər, ancaq Rusiyaya bağlı alternativ informasiya qaynaqları Rusiya iqtisadiyyatının fəlakət həddinə çatdığını xüsusilə vurğulayırlar. Yəni, Avropa Birliyinin sanksiya siyasəti kifayət qədər effektivdir və bunun inkişaf etdirilməsi ümumiyyətlə Rusiyanın bir dövlət olaraq çöküşünə səbəb ola bilər. Ancaq hələlik Rusiya ayaqda dayana bilir, Ukraynaya zərbələr endirməkdə davam edir”.


 


Politoloqun fikrincə, bunun da əsas səbəbi məhz Tramp administrasiyasının mövqeyi ilə bağlıdır:


 


“Bu gün Rusiyanın ayaqda qalması, Ukraynanı raket atəşinə tutması, müharibənin davam etməsi, bütün bunların məsuliyyəti birmənalı şəkildə Amerika Birləşmiş Ştatlarının Tramp administrasiyasının üzərinə düşür. Əgər Tramp administrasiyası Rusiyanı son anda dəstəkləyib ağır situasiyadan çıxarmasaydı, əksinə Ukraynanı müdafiə etmiş olsaydı, o zaman Rusiya çoxdan məğlub olmuş olardı. Ancaq nə qədər qəribə olsa da, Bayden administrasiyasının hakimiyyətdən gedişindən sonra Tramp administrasiyası Rusiyanın xilas edilməsi yolunu tutdu. Mövcud nəticələr ondan ibarətdir ki, Ukrayna öz mövqelərini itirməyə başlayıb və Rusiya hər halda hələlik savaş meydanında duruş gətirməklə, sülh masasında da şərtlər irəli sürməkdə davam edir. Rusiyanın şərtlərinin əsas müdafiəçisi də məhz Amerika Birləşmiş Ştatlarıdır. Əsas problem də bununla bağlıdır”.


 


E.Xalidbəyli Avropa İttifaqının yeni sanksiyalarının Rusiya üçün növbəti sarsıdıcı zərbə olacağını bildirib:


 


“Ancaq nə qədər ki, Tramp administrasiyası Rusiyanı indiki kimi dəstəkləsə, o zaman məğlub tərəf roluna məhz Ukrayna düşmüş olacaq. Ümumi şəkildə onu bildirmək olar ki, hazırda Ukrayna savaşının davam etməsinin, yaxud da Rusiyanın savaşı dayandırmamasının və öz qoşunlarını Ukrayna ərazisindən çıxarmamasının əsas səbəbi Tramp administrasiyasının Rusiyanı dəstəkləməsi ilə bağlıdır. Sülh prosesi başladığı gündən bəri Ukraynada Rusiyanın hərbi zorakılığı ucbatından həyatını itirən bütün insanların məsuliyyəti də məhz Tramp administrasiyasının üzərinə düşür”.


 


Bəsti Rəfizadə


Sfera.az