ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı sanksiyaları daha da sərtləşdirən yeni qərar imzalayıb.


 


Sfera.az xəbər verir ki, Ağ Ev tərəfindən yayımlanan icra sərəncamına əsasən, Kubaya birbaşa və ya dolayı yolla neft tədarük edən ölkələrin ABŞ-yə ixrac etdiyi məhsullara əlavə gömrük rüsumu tətbiq oluna bilər. Qərar bu gündən qüvvəyə minib. Tramp bildirib ki, Kuba hökumətinin siyasəti və fəaliyyəti ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasəti üçün ciddi təhdid yaradır. Bu səbəbdən ölkə üzrə milli fövqəladə vəziyyət elan edildiyi açıqlanıb. Yeni mexanizm Kubaya enerji təmin edən xarici dövlətləri hədəf alaraq Vaşinqtonun təzyiq alətlərini genişləndirməyi nəzərdə tutur.


 


Sərəncamda qeyd olunur ki, Havana administrasiyası Rusiya, Çin, İran, HƏMAS və Hizbullah kimi ABŞ tərəfindən düşmən hesab edilən ölkə və təşkilatlarla yaxın münasibətlər saxlayır. Vaşinqtonun iddiasına görə, Kuba Qərb yarımkürəsində sabitsizliyi artırır, ABŞ-yə qarşı kəşfiyyat və təhlükəsizlik risklərinin yaranmasına zəmin yaradır, həmçinin terror qruplarına təhlükəsiz mühit təqdim edir və mövcud sanksiyalardan sistemli şəkildə yayınmağa çalışır.


 


ABŞ prezidenti Kubadakı kommunist rejimin insan hüquqlarını pozduğunu da vurğulayıb. Bildirilib ki, siyasi müxaliflər təzyiq, işgəncə və əsassız həbslərlə üzləşir, mətbuat və ifadə azadlığı isə ciddi şəkildə məhdudlaşdırılır. Vaşinqtonun Kuba xalqının azad və demokratik cəmiyyət qurmaq istəyini dəstəkləməyə davam edəcəyi qeyd olunub. Yeni tarif sisteminə əsasən, ABŞ Ticarət Nazirliyi, Dövlət Departamenti və Maliyyə Nazirliyi prosesin icrasına nəzarət edəcək. Ticarət naziri hər hansı ölkənin Kubaya neft verdiyini müəyyən edərsə, bu barədə Dövlət Departamentinə məlumat təqdim olunacaq.


 


Həmin ölkəyə qarşı əlavə rüsum tətbiq edilib-edilməyəcəyinə və verginin dərəcəsinə isə son qərarı Prezident Tramp verəcək. Sərəncamda həmçinin qərarın gələcəkdə dəyişdirilə biləcəyi vurğulanır. Əgər Kuba və ya bu addımdan təsirlənən ölkələr ABŞ-yə qarşı cavab tədbirləri görərsə və ya Vaşinqtonun təhdid kimi qiymətləndirdiyi amillərin aradan qaldırılması istiqamətində konkret addımlar atarsa, icra sənədinə düzəlişlər edilə bilər. ABŞ Dövlət Departamentinin prosesləri yaxından izləyəcəyi və zərurət yaranacağı təqdirdə əlavə tədbirlər üçün prezidentə tövsiyələr verəcəyi bildirilib. Bundan başqa, Konqresə mütəmadi hesabatların təqdim olunması da qərarın maddələri sırasında yer alır.


 


Bəsti Rəfizadə


Sfera.az