ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə təmaslarının olduğunu və bu əlaqələri yaxın vaxtlarda davam etdirməyi planlaşdırdığını bildirib. O, Tehranı nüvə silahı hazırlamasından imtina etməsinə çağırmaq niyyətindədir.


 


Tramp rəhbərlik dedikdə Xameneinimi nəzərdə tutur? Xameneinin mövqeyində dəyişiklik ola bilərmi?


 


Sfera.az-a bu barədə açıqlama verən politoloq Oqtay Qasımov ABŞ Prezidenti Donald Trampın artıq neçənci dəfədir ki, İran tərəfi ilə danışıqları davam etdirməyə maraqlı olduğunu söylədiyini və bu danışıqlar baş tutarsa, Amerikanın təklif etdiyi tələblər qəbul olunarsa, o zaman İrana zərbələr endirməyi təxirə salacağını, hətta dayandıracağını bildirdiyini deyib:


 



 


“Dünən də o, növbəti dəfə bu açıqlamanı verərək qeyd edib ki, İran məsələsində mövqeyi kifayət qədər ciddidir və bu ciddiyyətini qoruyur. Əgər İran tərəfi ABŞ ilə razılaşmaya gəlməsə, o zaman zərbələrin endirilməsi ilə bağlı göstəriş verilə bilər. İran tərəfi də əslində danışıqlara maraqlı olduğunu bəyan edir. Amma hər iki tərəf öz şərtlərini və maksimal tələblərini irəli sürməklə faktiki olaraq danışıqların nəticəli bitməsini bloklamış olur. Bütün hallarda vəziyyət kifayət qədər ciddidir. ABŞ-nin bölgədə yetərincə gücü var və İran tərəfi də öz növbəsində güc nümayiş etdirməyə çalışır”.


 


Politoloq İranın ritorikasına diqqət etdikdə isə, sanki təhdidedici və psixoloji bir savaş aparıldığını əlavə edib:


 


“Əgər danışıqlar başlanarsa, hesab edirəm ki, hər iki tərəf müəyyən güzəştlər etməklə hansısa nəticəyə gələ bilər. Amma bunun sonrakı mərhələdə gərginliyin tam şəkildə azalmasına təsir edib-etməyəcəyi sual altındadır. Çünki yarımçıq danışıqlar və ya yarımçıq nəticələr problemin həlli demək deyil. Bu baxımdan, mövcud şəraitdə tərəflərin mövqelərində kardinal dəyişiklik edəcəyini düşünmürəm. Sadəcə müəyyən qədər yumşalma ola bilər. Amma bunun problemin həlli olub-olmadığı sualına müsbət cavab vermək çətindir”.


 


Fidan Hacızadə


Sfera.az