Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili “İmedi” televiziya kanalına müsahibəsində bildirib ki, Avropa İttifaqı Gürcüstan xalqının iradəsinə zidd olaraq ölkədə “vassal hökumət” formalaşdırmağa çalışır.
Belə olduqda sual yaranır: bu iddia nə dərəcədə real siyasi proseslərə əsaslanır və Papuaşvilinin bu açıqlamasının arxasında hansı daxili və xarici siyasi motivlər dayanır?
Politoloq Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, Cənubi Qafqaz, xüsusilə Gürcüstan, geosiyasi baxımdan daim maraqların toqquşduğu bir region olaraq qalır.
Onun sözlərinə görə, bu toqquşmaların əsas səbəbi həm bölgənin strateji mövqeyi, həm də zəngin təbii resurslarıdır:
“Cənubi Qafqaz, Avropa ilə Asiya arasında körpü rolunu oynayan, enerji marşrutlarının kəsişdiyi və nəqliyyat əlaqələrinin strateji əhəmiyyət daşıdığı bir ərazidir. Bu baxımdan həm Rusiya, həm də Qərb ölkələri bölgədə öz təsir dairəsini genişləndirmək və maraqlarını təmin etmək istəyir. Gürcüstan da bu geosiyasi oyunlarda xüsusi əhəmiyyət daşıyır, çünki o, Rusiya və Avropa arasında qərar vermək məcburiyyətində qalan bir dövlət kimi çıxış edir. Saakaşvili dövründə Gürcüstanın Avropaya meyli Rusiyanın müdaxiləsinə səbəb olmuş, sonrakı dövrlərdə isə Rusiya zəiflədikdə yenidən Avropaya yaxınlaşmaq istəyən Gürcüstan qarşısında müəyyən məhdudiyyətlər yaranmışdır”.
Politoloq qeyd edib ki, bölgədə maraqların toqquşması həm də güc balansı və diplomatik strategiyalarla bağlıdır:
“Rusiya istəyir ki, Cənubi Qafqazdakı dövlətlər onun vassalı və əlaltı strukturları olsun, beləliklə bölgədə təsirini qoruyub saxlasın. Digər tərəfdən, Avropa dövlətləri, xüsusilə Fransa və Böyük Britaniya, regiondakı ölkələrin Avropa ilə tərəfdaşlıq əlaqələrini gücləndirməsini və onların maraqlarına xidmət etməsini istəyir. Avropanın genişlənmə siyasəti çərçivəsində bu dövlətlər Cənubi Qafqazı öz təsir dairəsinə daxil etmək, həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində əlaqələrini inkişaf etdirmək niyyətindədir. Nəticədə, Gürcüstan və ətrafındakı dövlətlər həm Rusiya, həm də Avropa arasında balanslı siyasət yürütməyə çalışır, lakin bu proses daim mürəkkəb və mürəkkəb diplomatik oyunlarla müşayiət olunur”.
Niyaz Hacıyev
Sfera.az