Malayziya Hava Yollarına məxsus MH370 reysinin yoxa çıxmasından on ildən çox vaxt keçsə də, aviasiya tarixinin ən sirli faciələrindən biri hələ də həm müstəntiqləri, həm də qurbanların ailələrini narahat edir.


 




Sfera.az xəbər verir ki, bu dəfə diqqət mərkəzində faciənin bilmədən şahidi olduğunu iddia edən Yeni Zelandiyalı keçmiş neft platforması işçisi Mayk Makkey dayanır. MH370 reysi 8 mart 2014-cü ildə Kuala Lumpurdan Pekinə uçuş zamanı radarlardan itib. Göyərtəsində 239 nəfərin olduğu təyyarə bu günə qədər tapılmayıb və hadisənin rəsmi izahı hələ də mübahisə mövzusudur.


 




Makkey iddia edir ki, həmin gecə Vyetnam sahillərində yerləşən Songa Mercur neft platformasında gecə növbəsində olarkən Cənubi Çin dənizi üzərində alov içində olan “Boeing 777” təyyarəsini müşahidə edib.


 




Onun sözlərinə görə, təyyarə yüksək hündürlükdə təxminən 10–15 saniyə ərzində alovlanmış vəziyyətdə görünüb. Makkey bildirib ki, təyyarə yan manevr etməyib, qəfil düşməyib və düz xətt üzrə hərəkət edib. O, həmçinin müşahidə nöqtəsinin standart mülki aviasiya marşrutlarından kənarda və normal uçuş səviyyəsindən aşağıda yerləşdiyini qeyd edib.


 




Hadisədən dərhal sonra Makkey rəhbərliyinə elektron məktub göndərərək Malayziya Hava Yollarına məxsus təyyarənin qəzaya uğradığını düşündüyünü bildirib. Lakin məlumatın qısa müddət ərzində mediaya sızması onun sözlərinə görə işini itirməsinə və ictimai istehza ilə üzləşməsinə səbəb olub.


 




Makkey özü də etiraf edir ki, MH370-in rəsmi olaraq məlum olan son mövqeyi ilə onun müşahidə etdiyi ərazi arasındakı məsafə bu iddianı mübahisəli edir. Buna baxmayaraq, o, hələ də cavabsız qalan bir sıra sualların olduğunu vurğulayır. Xüsusilə təyyarənin Malayziya yarımadasını necə radarlara düşmədən keçməsi, hərbi radar məlumatlarının niyə gec açıqlanması və tapılan qalıqlarla bağlı tam hesabatların niyə dərc olunmaması diqqət çəkir.


 




Makkeyin irəli sürdüyü ehtimala görə, pilot qəsdən hava marşrutlarından yayınaraq təyyarəni səhərə qədər havada saxlamağa çalışıb. Bu versiya isə qəzanın Avstraliyanın qərb sahillərində baş verdiyi rəsmi nəzəriyyəni şübhə altına alır və hadisənin Sumatra və ya Cənubi Çin dənizinə daha yaxın ərazidə baş vermiş ola biləcəyini göstərir.




Onun açıqlamalarından sonra Vyetnam hakimiyyəti axtarış məqsədilə təyyarələri havaya qaldırdıqlarını, lakin MH370-ə dair heç bir iz tapılmadığını bildirib. “Ocean Infinity” şirkətinin apardığı son genişmiqyaslı axtarış əməliyyatı yaz aylarında dayandırılsa da, Malayziya hakimiyyəti istintaqın yenidən bərpa oluna biləcəyini açıqlayıb.




MH370 qəzasının sirri artıq 10 ildən çoxdur ki, açılmayıb. Bu müddət ərzində aviasiya mütəxəssisləri arasında alternativ nəzəriyyələr də səsləndirilməkdədir. Məsələn, “EgyptAir”in baş mühəndisi İsmayıl Hammad tapılan təyyarə qalıqlarının vəziyyətinin uzun müddət duzlu suda qalma ilə uyğun gəlmədiyini bildirərək rəsmi izahların natamam olduğunu vurğulayıb.


 


Aynil