Ədəbi dünyanın nəhəngi Yohann Volfqanq fon Göte təkcə söz ustası deyil, həm də təbiətin sirlərinə böyük maraq göstərən bir alim idi. Onun bu marağı ölümündən təxminən iki əsr sonra elm dünyasında sensasiyaya çevrilib.


 




Sfera.az xəbər verir ki, Almaniyanın Fridrix Şiller Universitetinin tədqiqatçıları Veymar Milli Muzeyində qorunan Göte kolleksiyasını araşdırarkən mühüm bir kəşfə imza atıblar. Məşhur yazıçının Baltik dənizi sahillərindən topladığı kəhrəba nümunələri müasir texnologiyalar vasitəsilə yenidən tədqiq edilib.


 




Yüksək dəqiqlikli 3D görüntüləmə üsullarının tətbiqi nəticəsində Götenin “bioloji zaman kapsulları” kimi dəyərləndirilən kolleksiyasında 40 milyon illik qarışqa növü aşkarlanıb. Söhbət nəsli kəsilmiş Ctenobethylus goepperti növünə aid olan qarışqadan gedir.


 




Qarışqa kəhrəbanın işlənməmiş və qeyri-şəffaf quruluşuna görə indiyədək çılpaq gözlə görünməz olub. Lakin müasir skan texnologiyaları sayəsində bu canlı təkcə üzə çıxarılmayıb, həm də onun daxili orqanları, baş və sinə boşluqlarındakı anatomik detallar ilk dəfə bu qədər aydın şəkildə öyrənilib. Alimlər əldə edilən məlumatlar əsasında qarışqanın interaktiv 3D modellərini hazırlayaraq onlayn platformalarda təqdim ediblər.


 


Təxminən 40 kəhrəba parçasından ibarət olan Göte kolleksiyası yalnız bu qarışqaya deyil, həm də digər qədim canlı izlərinə ev sahibliyi edir. Mütəxəssislərin fikrincə, Göte əlində saxladığı bu daşların içində milyonlarla illik həyat izlərinin olduğunu tam mənada dərk etməyə bilərdi.

Dövrün məhdud imkanları səbəbindən aşkar edilə bilməyən bu fosillər bu gün müasir taksonomik və təkamül biologiyası tədqiqatları üçün unikal istinad mənbəyinə çevrilib. Alimlər bu kəşfin bir daha sübut etdiyini bildirirlər ki, tarixi kolleksiyalar yalnız keçmişin yadigarı deyil, həm də gələcək elmi araşdırmalar üçün dəyərli məlumat xəzinəsidir.


 


Götenin əlindən keçən bir kəhrəba parçasının bu gün qabaqcıl rəqəmsal texnologiyalarla elmə işıq tutması, keçmişlə gələcək arasında qurulan nadir və maraqlı bir körpü kimi qiymətləndirilir.


 


Aynil