Son dövrlər Qərb–İran münasibətlərində gərginlik yeni mərhələyə qədəm qoyub. Avropa İttifaqının İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıması, Böyük Britaniyanın isə SEPAH-ın qadağan olunmuş təşkilatlar siyahısına salınmasını nəzərdə tutan qanun layihəsi hazırlaması bu gərginliyin açıq göstəricisi kimi qiymətləndirilir. Bu addımlar Avropanın İrandakı mövcud rejimlə münasibətləri tamamilə kəsməyə hazırlaşdığı anlamına gəlirmi? Rəsmi Brüssel və London bu qərarlarla Tehrandakı rejimin gələcəyinə inanmadığınımı nümayiş etdirir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, artıq vəziyyət çox gərgindir. Onun sözlərinə görə, Avropa dövlətləri də ABŞ-nin təsirindən narahatdırlar:
“Bir tərəfdən ABŞ İrana təzyiqləri artırdığı halda, digər tərəfdən Avropa ölkələri İranla əlaqələri davam etdirməyi real görsənmir. Donald Tramp Avropanın qarşısına “ya mən, ya İran” seçimini qoyarsa, onlar ABŞ-ni seçəcəklər. İran onlar üçün o qədər də cəledici gəlməyə bilər. Təbii ki, bunun səbəbini də dövlət maraqları kimi açıqlaya bilərlər. O baxımdan, burada artıq İran üçün vəziyyət heç də sağlam görünmür. Müəyyən mənada İrandakı mövcud rejimlə münasibətlərin qırılması anlamını daşıya bilər”.
Politoloq qeyd edib ki, Aİ ölkələrinin hamısının fikrinin eyni olub-olmadığı da açıq sual kimi qalır, bilinmir:
“Hər vəziyyətdə Avropa ölkələri hazırkı rejimin gələcəyini çox da müsbət görmürlər. Avropa dövlətləri artıq yavaş-yavaş İranla münasibətlərə sərhəd qoymaqla ABŞ-ni daha az qıcıqlandırmağa çalışırlar. Böyük ehtimalla, yaxın dövrdə rejimin vurulacağı məsələsi də onların əlində məlumat kimi var”.
Qeyd edək ki, S.Hümbətovun fikirlərindən də göründüyü kimi, Avropanın SEPAH-la bağlı son qərarları təkcə təhlükəsizlik və terrorla mübarizə kontekstində deyil, eyni zamanda İrandakı mövcud siyasi rejimin gələcəyinə dair ciddi şübhələrin formalaşdığını göstərir.
Firuzə Əliyeva
Sfera.az