“Qarabağ” – “Turan Tovuz” matçı səbrsizliklə gözlənilir.
Başqa vaxt olsaydı, bəlkə də bu qədər önəm daşımazdı. Lakin indiki məqamda...
Çempionluq uğrunda “köhlən atlar”a boy göstərməyə çalışan bölgə təmsilçisi son 2 oyunda qazandığı vacib 6 xalla turnir cədvəlindəki vəziyyətini xeyli yaxşılaşdırıb.
Sfera.az bildirir ki, qış fasiləsindən əvvəl səfərdə “Kəpəz”i, ötən həftə Sumqayıtda yerli komandanı məğlub edən Kurban Berdıyevin yetirmələri hazırda turnir cədvəlinin 3-cü pilləsində yer alıb ki, 2-ci sıradakı “Qarabağ”la xal fərqi cəmi 6-dır.
“Turan Tovuz”un səfərdə daha inamlı təsir bağışlaması tovuzlu azarkeşlərdə praqmatik futbolla bağlı narazılığı unutdurub. Vacib olan komandanın qələbə qazanmasıdır ki, işlər pis getmir.
Əvəzində, “Qarabağ”ın “oxu yaydan çıxıb”. “Köhlən atlar” son 2 matçı məğlub başa vurub, bu azmış kimi 180 dəqiqə ərzində rəqib qapılarına yol tapa bilməyib. Buraxılan qol sayı isə 8-dir.
Son ölkə çempionu hər nə qədər pley-offa yüksəlsə də, “Enfild”də “Liverpul”dan alınan ağır yenilgi komandada müəyyən gərginlik yaradıb. Sıx qrafik nəticəsində formalaşan yorğunluq isə ayrı bir dərddir.
Kurban Berdıyevlə adaşı Qurban Qurbanovun məşqçi duelləri uzun illər əvvələ söykənir. “Qarabağ” – “Kayrat” görüşlərindən başlayan mübarizə artıq ikinci ildir Premyer Liqada davam edir.
2024-cü ilin avqust ayından bu günə qədər “Qarabağ”la “Turan Tovuz” 5 dəfə üz-üzə gəlib.( mənbə:sportinfo)