Alimlər Yer kürəsindən 146 işıq ili uzaqlıqda potensial olaraq yaşayış üçün yararlı yeni ekzoplanet kəşf ediblər.
Sfera.az xəbər verir ki, söhbət HD 137010 b adlı planetdən gedir.
O, “Kepler” kosmik teleskopunun 2017-ci ildə həyata keçirilən uzadılmış K2 missiyası çərçivəsində toplanmış arxiv məlumatlarının yenidən təhlili nəticəsində müəyyən olunub.
Astronomların məlumatına görə, planetin radiusu Yer kürəsindən cəmi 6 faiz böyükdür, orbital dövrü isə 355 Yer gününə bərabərdir ki, bu da demək olar ki, Yer ilinə uyğundur.
HD 137010 b Günəşə bənzər, lakin bir qədər daha soyuq və az parlaq olan ulduzun ətrafında fırlanır. Bu səbəbdən planet Marsla təxminən eyni miqdarda ulduz enerjisi alır. Aparılan hesablamalar onun tarazlıq temperaturunun mənfi 70 dərəcədən aşağı ola biləcəyini göstərir. Planetin yaşayış zonasında yerləşmə ehtimalı isə təxminən 50 faiz olaraq qiymətləndirilir ki, bu da bu tip ekzoplanetlər üçün kifayət qədər yüksək göstərici sayılır.
Kəşfin diqqətçəkən məqamlarından biri də ana ulduzun nisbətən yaxın və parlaq olmasıdır. Bu xüsusiyyət yaxın illərdə Ceyms Vebb Kosmik Teleskopu və yeni nəsil yerüstü rəsədxanalar vasitəsilə planetin atmosferinin ətraflı şəkildə öyrənilməsinə imkan verəcək.
Alimlər bildirirlər ki, HD 137010 b ölçüsü və orbital dövrü baxımından Günəşə bənzər ulduzun ətrafında fırlanan Yerə oxşar nadir namizədlərdən biridir. Onun tranzit orbitə malik olması spektroskopik müşahidələr və atmosfer tədqiqatları üçün xüsusi üstünlük yaradır. Planetin statusu tam təsdiqlənərsə, bioimzaların və potensial yerüstü həyat əlamətlərinin axtarışı baxımından ən perspektivli obyektlərdən biri hesab ediləcək.
Qeyd edək ki, indiyədək Yerə bənzər ekzoplanetlərin böyük əksəriyyəti ya qırmızı cırtdan ulduzların ətrafında, ya da detallı müşahidələr üçün çox uzaq məsafələrdə aşkar olunub. HD 137010 b isə nisbi yaxınlığı, uyğun ana ulduzu və əlverişli orbital xüsusiyyətləri ilə gələcək elmi tədqiqatlar üçün ideal namizəd kimi qiymətləndirilir.
Firuzə Əliyeva
Sfera.az