Fransanın xarici işlər naziri Jan-Noel Barro “Libération” qəzetinə verdiyi müsahibədə bildirib ki, Avropa ölkələri Rusiya ilə birbaşa dialoq aparmalıdır.
Bəs görəsən, hazırda Rusiya ilə birbaşa təmaslarda bu istiqamətdə real və uğurlu nəticə əldə edə biləcək Avropa ölkəsi varmı?
Politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirib ki, Rusiya ilə birbaşa dialoqda uğurlu nəticə əldə edə biləcək Avropa ölkəsi demək olar ki, yoxdur. Onun sözlərinə görə, Macarıstan Rusiya ilə birbaşa dialoqa gedərək müəyyən nəticələr əldə edə bilər, amma bu, Avropa İttifaqının ümumi prinsiplərinə zidd olacaq:
“Avropa ölkələrinin Rusiya ilə tək-tək dialoqa getməsindən daha çox, İttifaqın özünün bütöv bir şəkildə Rusiya ilə danışıqlara gedərək aralarındakı mübahisələri həll etməsi mümkündür. Lakin burada bir nüans var ki, rəsmi Moskvanın bununla bağlı tələbi Avropa ölkələrinin Ukraynaya dəstək verməkdən imtina etməsidir. Bu isə onlar tərəfindən qəbul edilən bir məsələ deyil, çünki Avropa ölkələri Ukraynanın bütövlüyünü qorumağı və ona yardım göstərməyi Avropanın ümumi təhlükəsizlik məsələsi kimi qiymətləndirirlər”.
Politoloq qeyd edib ki, Ukraynaya yardım edilməsinin əsas səbəbi Rusiya Ukraynada qalib gəlsə, öz üstünlüyünü Avropada qəbul etdirməyə çalışacaq riskinin qarşısını almaqdır:
“Xüsusilə Şərqi Avropa ölkələri ciddi şəkildə təhlükə ilə üzləşəcəklər. Bu tip məsələlər Rusiya və Avropa İttifaqı arasında müəyyən dərəcədə fəsadların yaranmasına səbəb olur. Tək-tək ölkələr Rusiya ilə danışıqlara gedərsə, həlledici nəticə əldə etmək çox inandırıcı görünmür. Lakin İttifaq bütöv şəkildə Rusiya ilə danışıqlara getdikdə, müəyyən dərəcədə iqtisadi məsələlərdə ümid yarana bilər. Nəzərə alaq ki, Rusiya ilə münasibətlər gərginləşdikdən sonra Avropa İttifaqı enerji sektoru da daxil olmaqla böyük iqtisadi çətinliklərlə üzləşib. Buna görə də maksimum səylə çalışırlar ki, Ukraynadakı müharibə dayandırılsın və Rusiya ilə əlaqələr bərpa edilsin, eyni zamanda Rusiyanın Ukrayna üzərində üstünlüyünü məhdudlaşdırmağa çalışırlar”.
Niyaz Hacıyev
Sfera.az