"İranda baş verən proseslərlə bağlı Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının və xüsusi xidmət orqanlarının kifayət qədər informasiyası mövcuddur və bu istiqamətdə planlı fəaliyyət həyata keçirilir”.
Sfera.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
"Burada çox vacib bir məsələ var. Biz cəmiyyəti bu mümkün proseslərə necə hazırlayırıq? Bu gün bütün dünya İranda baş verə biləcək hadisələrə hazırlıqlı şəkildə yanaşmağa çalışır. Türkiyədən tutmuş digər regional və qlobal aktorlara qədər hər kəs informasiya mühitini, medianı və cəmiyyəti mümkün ssenarilərə adaptasiya edir. Azərbaycanda da ictimaiyyət mümkün proqnozlara tədricən alışdırılmalı, xüsusilə də qaçqın axını və humanitar risklər kimi məsələlərdə cəmiyyətin necə davranmalı olduğu müvafiq dövlət qurumları vasitəsilə açıq şəkildə izah edilməlidir",- deputat qeyd edib.
O sonda vurğulayıb ki, söhbət olduqca ciddi proseslərdən gedir və İranda baş verən hadisələrin Azərbaycanın milli təhlükəsizliyi üçün risklər yaratması ehtimalı istisna olunmur.
Firuzə Əliyeva
Sfera.az