Qəzza zolağını Misirlə birləşdirən “Rəfah” Sərhəd Keçid Məntəqəsi iki istiqamətli fəaliyyətə başlayıb. Razılaşmaya əsasən, ilkin mərhələdə 150 fələstinlinin Qəzzadan çıxışına icazə verilib.


 


Sfera.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Qəzzanın cənubunda, Misirin Sina yarımadasına açılan “Rəfah” keçidinin açılması regionda humanitar vəziyyət baxımından mühüm addım kimi dəyərləndirilib.


 


Sərhədin hər iki tərəfində yerləşən şəhər Rəfah adlanır və İsrail 2024-cü ilin may ayından etibarən bu əraziyə nəzarəti əlində saxlayıb.




Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, Rəfah keçidindən xəstə və yaralıların çıxışı ilə bağlı hələlik yeni qərar yoxdur. Bildirilib ki, xəstə və yaralılar əvvəlki prosedurlara uyğun olaraq Kerem Əbu Salim Sərhəd Keçid Məntəqəsi vasitəsilə Qəzzadan çıxarılacaq.




Misirdə yayımlanan “Kahire əl-İxbariyyə” telekanalının məlumatına əsasən, Misirdən Qəzzaya qayıtmaq istəyən fələstinlilərdən ibarət ilk qrup artıq “Rəfah” keçidinə çatıb. Görüntülərdə onların Qəzzaya keçmək üçün sərhəd ərazisində gözlədiyi əks olunub.




Digər tərəfdən, xəstə və yaralıların Misirə köçürülməsi məqsədilə Qəzzanın cənubundakı Xan Yunis şəhərində Qızıl Aypara nəzdində fəaliyyət göstərən xəstəxanaya təcili tibbi yardım maşınlarının göndərildiyi bildirilib. Misir tərəfi isə xəstə və yaralıların qarşılanması və xəstəxanalara yerləşdirilməsi üçün hazırlıqların görüldüyünü açıqlayıb.




Qeyd edək ki, İsrail ordusuna bağlı COGAT qurumu daha əvvəl Rəfah keçidinin atəşkəs razılaşması çərçivəsində, məhdud sayda Qəzza sakininin keçidi üçün “pilot” mərhələdə açıldığını bildirmişdi. Avropa Birliyinin “Rəfah” Sərhəd Yardım Missiyası (EUBAM Refah) bu prosesin Misir və digər tərəflərlə koordinasiyalı şəkildə həyata keçirildiyini açıqlamışdı.




“Əl-Cəzirə”nin məlumatına görə, İsrailin hücumları zamanı Qəzzanı tərk edən təxminən 80 min fələstinli evlərinə qayıtmaq istəyir. Eyni zamanda, təxminən 22 min xəstə və yaralı fələstinli sərhəddən çıxaraq müalicə almağı gözləyir. Qəzzadakı Əl-Şifa Tibb Kompleksinin direktoru Məhəmməd Əbu Salmiya gecikmələrin ölüm hallarını iki dəfə artıra biləcəyi barədə xəbərdarlıq edib.




Bəsti Rəfizadə

Sfera.az