İran ətrafında gərginliyin artdığı bir vaxtda ABŞ və İsrailin ali hərbi rəhbərləri Vaşinqtonda, Pentaqonda qapalı görüş keçiriblər. Görüşün detalları açıqlanmayıb və bu barədə əvvəlcədən məlumat verilməyib.


 


Bəs görəsən,generallar səviyyəsində baş tutan bu görüş nə anlama gəlir? ABŞ-İran münasibətləri artıq hərbi toqquşma həddinə çatıbmı?


 


Suallarımızı cavablandıran politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, İran ətrafında gərginliyin sürətlə artdığı bir vaxtda ABŞ və İsrailin ali hərbi rəhbərlərinin Vaşinqtonda, Pentaqonda qapalı görüş keçirməsi diqqətçəkən və ciddi mesajlar verən hadisədir. Onun sözlərinə görə, görüşün əvvəlcədən elan olunmaması və görüşdən sonra da detalların açıqlanmaması onu göstərir ki, söhbət sadəcə siyasi addımdan deyil, daha dərin və həssas hərbi planlaşdırmadan gedir:


 



 


“Hazırda vəziyyət belədir ki, Tramp birinci hakimiyyət dönəmində İrana qarşı həyata keçirdiyi klassik maksimum təzyiq siyasətini indi daha sərt və açıq hərbi komponentlə davam etdirir. Trampın “ya razılaşma, ya güc” məzmunlu bəyanatları, ABŞ donanmasının Fars körfəzi və Oman dənizi hövzəsində nümayişkaranə şəkildə yerləşdirilməsi diplomatik ritorikanın arxasında real güc elementinin dayandığını göstərir. İran tərəfi isə buna cavab olaraq ABŞ hücumunun regional müharibəyə səbəb olacağı ilə hədələyir və geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir”.


 


Politoloq vurğulayıb ki, belə bir fonda ABŞ və İsrail generallarının məhz hərbi səviyyədə, qapalı formatda görüşməsi təsadüfi sayıla bilməz:


 


“Siyasi liderlər adətən niyyətləri test edir, mesajlar verir və manevr imkanlarını yoxlayırlar. Generallar isə artıq konkret əməliyyat sualları üzərində işləyirlər. Bu tip görüşlərdə mümkün əməliyyat ssenariləri, hədəflərin xarakteri, rol bölgüsü, İranın cavab imkanları və regiondakı ABŞ qüvvələrinin müdafiəsi kimi məsələlərin müzakirə olunduğu şübhəsizdir. Görüşün gizli saxlanması, ya konkret hərbi variantların masada olduğunu, ya da İran tərəfinin qabaqcadan məlumatlandırılmasının istənilmədiyini göstərir. Odur ki, biz hazırki mərhələni müharibədən əvvəlki eskalasiya fazası olaraq adlandıra bilərik. Hərbi qüvvələrin cəmləşməsi, sərt ultimatumlar, ali hərbi rəhbərlik səviyyəsində gizli koordinasiya və eyni zamanda diplomatik kanalların tam bağlanmaması bu mərhələnin əsas əlamətləridir. Pentaqondakı görüş müharibə ehtimalının real və ciddi ssenari kimi qəbul edildiyini göstərir və indi hər şey İranın mövqeyindən və atacağı addımlardan asılı olacaq”.


 


Niyaz Hacıyev


Sfera.az