İranın Ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, ABŞ İrana qarşı növbəti dəfə müharibəyə başlasa, bu, regional münaqişəyə çevriləcək. Xamenei iranlıları ABŞ Prezidenti Donald Trampın təhdidlərindən qorxmamağa çağırıb:
“Hərbə ilk biz başlamırıq və hər hansı bir ölkəyə hücum etmək istəmirik, lakin İran xalqı hücum edən və zərər verən tərəfə sərt cavab verəcək”.
O, konkret olaraq hansı ölkələrdən dəstək gözləyir? Regional müharibə hansı anlama gəlir?
Sfera.az-a mövzu ilə bağlı açıqlama verən siyasi şərhçi Tural İrfan ABŞ və İranın hələ ki, bir-birinə qarşılıqlı təhdidlər etdiyini bildirib:
“Bir tərəfdən də danışıqlar gözlənilir. İranın dini liderinin bu açıqlaması region dövlətlərini hərəkətə keçirib müharibənin qabağını alması üçün şantaj xarakteri daşıyır. İranın dini lideri öz xalqının minlərlə günahsız insanını öldürüb. Onun üçün region ölkələrini də təxribata çəkmək o qədər çətin deyil. Bütün humanist və insani dəyərlərdən uzaq olan rejim üçün regionun alova bürünməsi lazımdır”.
T.İrfan buna baxmayaraq Türkiyənin müharibənin olmaması üçün mümkün qədər səylər göstərdiyini əlavə edib:
“İran əslində bununla region ölkələrini təhdid edir. Təbii ki, bu onun öz sonunu gətirə bilər. Xamaneinin bu təhdidi qorxu səbəbi ilədir. Qonşu və region ölkələri ABŞ-nin əl-qolunu tutsun deyə siyasi şantaj dili ilə onları təhdid edib. Amma savaş baş tutsa belə İran çalışacaq ki, təxribat yaradıb odu bütün dünyaya sıçratsın. Buna nə dərəcədə nail ola bilər, onu zaman göstərəcək”.
Fidan Hacızadə
Sfera.az