Avropa İttifaqı Xarici İşlər Xidmətinin rəhbəri Kaja Kallas, Litvanın müdafiə üzrə Avropa komissarı Andrius Kubilyusun aparıcı Avropa ölkələrindən ibarət Avropa Təhlükəsizlik Şurası yaratmaq təklifini rədd edib.
Sfera.az xəbər verir ki, Osloda keçirilən təhlükəsizlik konfransında çıxış edən Kallas bildirib: “Düşünmürəm ki, bizə yeni qurumlar lazımdır. Bizə lazım olan, Aİ-nin artıq mövcud olan hərbi-sənaye planlarının həyata keçirilməsidir”.
Kallas həmçinin vurğulayıb ki, Aİ-nin artıq müdafiə nazirləri səviyyəsində müntəzəm olaraq görüşən öz Şurası mövcuddur:
“Bizə daha çox görüş lazım deyil”.
Eyni zamanda, o, Avropa dövlətlərinin əsasən milli hökumətlərin nəzarəti altında qalan hərbi-sənaye sistemlərinin birləşdirilməsi ideyasını dəstəkləyib və bunun üçün platforma rolunu Aİ Xarici İşlər Xidmətinin oynaya biləcəyini qeyd edib.
Xatırladaq ki, Avropa Müdafiə Komissarı Andrius Kubilius əvvəlcə ən güclü Aİ ölkələrinin hərbi potensialını birləşdirəcək və Avropanın militarizasiyasının arxasında duran hərəkətverici qüvvə kimi çıxış edə biləcək Avropa Təhlükəsizlik Şurasının yaradılmasını təklif etmişdi.
Niyaz Hacıyev
Sfera.az