Musiqi dünyasının ən nüfuzlu mükafatları arasında yer alan “Grammy" mükafatlarının 68-ci mərasimi ABŞ-nin Los-Anceles şəhərində keçirilib. Tədbir “Crypto.com” Arenada təşkil olunub və mərasimin aparıcılığı məşhur komediyaçı Trevor Noah tərəfindən həyata keçirilib.




Sfera.az xəbər verir ki, gecənin ən böyük mükafatlarından biri olan “İlin Mahnısı” mükafatı Billi Aylişə “Wildflower” ifası ilə təqdim edilib.


 


“İlin Yazısı” mükafatının qalibi isə Kendrik Lamar və SZA əməkdaşlığı olan “Luther” mahnısı olub. “İlin Albomu” mükafatını isə Bad Bunnynin “Debi Tirar Mas Fotos” albomu qazanıb.




Ən Yaxşı Yeni İfaçı mükafatına Olivia Dean layiq görülüb. Pop musiqi kateqoriyalarında Ledi Qaqa “Mayhem” albomu ilə diqqət çəkib. Qaqa həmçinin “Ən Yaxşı Pop Vokal Albomu”, həm də “Abracadabra” mahnısı ilə “Ən Yaxşı Rəqs/Pop Yazısı” mükafatlarını qazanıb.




Rep musiqi sahəsində gecənin ən diqqətçəkən adı Kendrik Lamar olub. O, “GNX” albomu ilə “Ən yaxşı rep albomu”, “TV Off” ilə “Ən yaxşı rep mahnısı”, “Luther” ilə isə “Ən yaxşı melodik rep ifası” mükafatlarını qazanıb.




Alternativ musiqi kateqoriyasında “The Cure” “Songs Of A Lost World” albomu ilə “Ən yaxşı alternativ musiqi albom”, rok musiqi kateqoriyasında isə Turnstile “Never Enough” əsəri ilə “Ən yaxşı rok albomu” mükafatını əldə edib.




Film və televiziya musiqiləri sahəsində Ludviq Qöransson, “Sinners” filmi ilə “Ən Yaxşı Film/TV Musiqiləri Albomu” mükafatını qazanıb. Həmçinin “K-Pop Demon Hunters” filmində yer alan “Golden” mahnısı vizual media üçün yazılmış “Ən Yaxşı Mahnı” mükafatına layiq görülərək bu sahədə ilkə imza atıb.

Gecə boyunca qaliblər musiqisevərlərə unudulmaz anlar yaşadıb və “Grammy" mükafatları 2026-nın ən diqqət çəkən hadisəsi olaraq yadda qalıb.




Bəsti Rəfizadə

Sfera.az