İsrail hökuməti ABŞ-yə İranla mümkün razılaşma ilə bağlı üç əsas şərt irəli sürüb.
Sfera.az xəbər verir ki, İsraildə yayımlanan “Kanal 12” telekanalının məlumatına görə, İsrail Baş Qərargah rəisi Eyal Zamir Vaşinqtona səfəri çərçivəsində keçirdiyi görüşlərdə İranın ABŞ-ni aldatmağa çalışdığını iddia edib.
O, İsrailin İranla “yaxşı anlaşma” üçün üç əsas şərt irəli sürdüyünü bildirib.
Həmin şərtlər arasında İranın nüvə proqramına və ballistik raket proqramına tamamilə son qoyması, eləcə də bölgədə fəaliyyət göstərən vəkil qüvvələrinə verdiyi dəstəyin dayandırılması yer alıb.
Məlumatda qeyd olunub ki, Eyal Zamirin Vaşinqtona səfərinin əsas səbəbi ABŞ-nin İranla İsrailin maraqlarına zidd olan “pis anlaşma” imzalaya biləcəyi ilə bağlı narahatlıqdır. İsrail tərəfi ABŞ-ni Tehranın mümkün “aldadıcı diplomatik manevrlərinə” qarşı diqqətli olmağa çağırıb.
Qeyd edək ki, İran ətrafında artan hərbi-siyasi gərginlik Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərə biləcək əsas amillərdən biri kimi dəyərləndirilir.
Bəsti Rəfizadə
Sfera.az