Son vaxtlar Rusiyanın Ukraynaya qarşı hücumları intensivləşib. Bunun ABŞ-nin İranı vurma ehtimalı fonunda reallaşdığı iddia olunmaqdadır.


 


Maraqlıdır, Rusiyanın hücumları Trampı niyyətindən döndərməyə yönəlibmi?


 


Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Asif Nərimanlı ABŞ-nin İranı vurması məsələsinə görə bütün beynəlxalq diqqətin İrana yönəldiyini deyib. Onun sözlərinə görə, bu Rusiyaya imkan verir ki, Ukraynadakı işğalçı müharibəni daha da genişləndirsin:


 



 


“İrandan öncə əsas diqqət Ukrayna üzərində idi. Bu da Rusiyanın Ukraynada işğalçı siyasətinə beynəlxalq təzyiqi gücləndirirdi. Bu isə təbii ki, Rusiyanın addım atarkən iki dəfə düşünməsinə səbəb olurdu, müəyyən tərəddüdlər yaradırdı. Hazırda beynəlxalq diqqətin İran ətrafında olması Rusiyaya imkan verir ki, Ukraynada işğalçı müharibəsini daha da sərtləşdirsin”.


 


Politoloq qeyd edib ki, digər məsələ isə Ukraynanı "dizə gətirmək"lə bağlıdır:


 


“Çünki Ukrayna danışıqlarında müəyyən razılaşma var və əsas məsələ ərazi məsələsinin taleyidir. Yəni bu, ziddiyyətli məsələ olaraq qalır. Masada danışıqların getdiyi bir vaxtda Rusiya çalışır ki, Ukraynaya daha çox ağır zərbələr vursun və bununla Ukraynanı məhz masada ərazi məsələsi üzərində razılaşmaya gətirib çıxarsın. Qeyd etmək lazımdır ki, Rusiyanın bu cür zərbələri həm də ABŞ-nin mövqeyini gücləndirən amildir. Çünki Tramp administrasiyası əvvəldən Ukraynanın sülh məsələsində güzəştə getməsini tələb edərkən bildirirdi ki, əgər Ukrayna razılaşmasa, Rusiya qarşısında daha da zəifləyə və daha ağır zərbələrə məruz qala bilər.


 


ABŞ-nin məqsədi həm də Ukraynanı xilas etməkdir ki, bu da danışıqların getdiyi bir vaxtda müzakirə istiqamətlərini müəyyənləşdirməyə xidmət edir. Hesab edirəm ki, danışıqlar prosesi davam etdiyi müddətdə Rusiya hərbi müstəvidə işğalçı müharibəsini daha da genişləndirməyə və Ukraynaya daha ağır zərbələr endirməyə çalışacaq. Eyni zamanda İran faktoru da var: əgər ABŞ İrana müdaxilə edərsə, bu, Rusiyaya ABŞ ilə bazarlıq aparmaq imkanları yaradır. Proseslərin bu istiqamətdə inkişafı fonunda Rusiyanın Ukraynaya daha ağır zərbələr vurması danışıqlar masasında şərtləri formalaşdırmaq, hərbi üstünlük əldə edərək tələblərini diqtə etmək məqsədi daşıyır. Qarşıdakı dövrdə bu zərbələrin daha da genişlənməsi istisna edilmir”.


 


Niyaz Hacıyev


Sfera.az