Xəbər verdiyimiz kimi, Əməkdar artist Nahidə Orucovanın fotosu Çinin onlayn alış-veriş platforması olan “Temu”da icazəsiz şəkildə yerləşdirilib.


 


Sfera.az-ın məhsulun təsirini nümayiş etdirmək məqsədilə tonal kremin reklamında azərbaycanlı aktrisanın fotosundan istifadə olunub.




Məlum olub ki, sözügedən foto tanınmış stilist Anar Ağakişiyevin 2018-ci ildə Əməkdar artist Nahidə Orucova ilə birgə çəkdiyi dəyişim videosundan götürülüb.

Məsələ ilə bağlı “Temu” platforması açıqlama yayıb. Açıqlamada bildirilib ki, platformada görüntülərin və ya məzmunun hər hansı icazəsiz və ya qeyri-münasib istifadəsi qadağandır:




“Temu platformasında əqli mülkiyyət hüquqlarının qorunması və istifadəçilərin çaşdırılmasının qarşısının alınması məqsədilə müvafiq siyasətlər və icra mexanizmləri mövcuddur. Bu hal barədə məlumat əldə etdikdən sonra dərhal müvafiq elan silinib və bu kimi halların qarşısının alınması üçün nəzarət tədbirləri davam etdiriləcək”.




Qeyd edək ki, sözügedən hadisə sosial şəbəkələrdə də müzakirələrə səbəb olub və tanınmış şəxslərin fotolarından icazəsiz istifadə halları ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.




Bəsti Rəfizadə

Sfera.az