Valensiyadakı Manises Hava Limanında qeyri-adi hadisə baş verib. Bir kişi sərnişin “Vueling” aviaşirkətinə məxsus təyyarənin üzərinə çıxaraq soyunmağa başlayıb və uçuşda xaos yaradıb.
Sfera.az bildirir ki, insident Amsterdama planlaşdırılan uçuşun təxminən iki saat gecikməsinə səbəb olub. Şahidlərin sözlərinə görə, kişi təyyarə qalxmazdan əvvəl də aqressiv davranıb, hava limanı əməkdaşlarını təhqir edib və çantasından çıxardığı qabdan nəsə içib.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və İspaniya Mülki Qvardiyası cəlb olunub. Kişi təxminən 10 dəqiqə təyyarənin damında qaldıqdan sonra yan pilləkənlərlə endirilib.
Hava limanı operatoru insidentin sərnişinlər üçün təhlükə yaratmadığını açıqlasa da, uçuş təxirə salınıb. Sərnişin ilkin tibbi yardımdan sonra Valensiya Baş Xəstəxanasının psixiatriya şöbəsinə aparılıb.
Hadisənin səbəbləri rəsmi olaraq açıqlanmayıb.
Aynil