“Apple”ın texnologiya dünyasında uzun müddətdir müzakirə olunan ilk kitab tipli qatlanan smartfonu bu dəfə nəhəng batareya tutumu ilə diqqət mərkəzinə düşüb.


 


Sfera.az xəbər verir ki, “Fixed Focus Digital”in məlumatına görə, yeni cihaz "Apple" ekosistemində indiyədək istifadə edilən ən yüksək batareya tutumuna sahib olacaq. Bildirilir ki, model 5.500 mAh-dan yuxarı batareya ilə təchiz ediləcək və bu göstərici hazırkı rekordçu sayılan 5.088 mAh batareyalı "iPhone 17 Pro Max" modelini geridə qoyacaq.


 


Bu güclü batareya, eyni zamanda "Google Pixel 10 Pro Fold" və "Samsung Galaxy Z Fold7" kimi rəqib modellərin təqdim etdiyi tutumlardan xeyli yüksək olacaq. Koreya mənbələrindən yayılan informasiyalara əsasən, “Apple” cihazın əsas komponentlərini incəldərkən enerji səmərəliliyinin artırılmasına xüsusi önəm verir. Şirkətin batareya ömrünü əsas prioritet kimi müəyyənləşdirdiyi və 5400-5800 mAh aralığında müxtəlif testlər apardığı qeyd olunur. 


 


"iPhone 18" seriyası ilə birlikdə bu ilin sonuna doğru təqdim olunacağı gözlənilən qatlanan modelin 7,8 düymlük daxili ekran və 5,5 düymlük örtük ekranı ilə gələcəyi bildirilir. Cihazın A20 çip, C2 modem, Touch ID dəstəyi və ikiqat arxa kamera sistemi ilə təchiz ediləcəyi də iddialar arasındadır.


 


Niyaz Hacıyev


Sfera.az