Əli Şəmxani: “Hər cür ssenariyə hazırıq, İran ABŞ və İsraili ayrı görmür”


 


Sfera.az xəbər verir ki, İranın ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şəmxani ABŞ-ın mümkün hücumu ilə bağlı sərt bəyanatla çıxış edib.


 


Hizbullah-a yaxınlığı ilə tanınan “Əl-Məyadin” televiziya kanalına açıqlama verən Şəmxani bildirib ki, İran istənilən hərbi və siyasi ssenariyə hazırdır.


 


Onun sözlərinə görə, ABŞ tərəfindən İrana qarşı hər hansı hücum baş verərsə, Tehran buna cavab olaraq İsraili hədəf alacaq:


 


“Biz hər cür ssenariyə hazırıq. Əgər Amerika İrana hücum edərsə, biz də qəti şəkildə İsrailə hücum edəcəyik. Çünki İran bu iki dövləti ayrı varlıq kimi görmür”, – deyə Şəmxani vurğulayıb.


 


Şəmxani həmçinin İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı danışaraq bildirib ki, bu materialın ölkə xaricinə çıxarılması üçün heç bir əsas yoxdur.


 


O qeyd edib ki, əgər beynəlxalq tərəflər narahatdırsa, uranın zənginləşdirilmə səviyyəsini 60 faizdən 20 faizə endirmək mümkündür, lakin bunun “qiyməti” olmalıdır.


 


İran rəsmisi zənginləşdirilmiş uranın ümumi həcmi barədə də məlumatın dəqiq olmadığını bildirib. Onun sözlərinə görə, ehtiyatların bir hissəsi dağıntılar altında qalıb və təhlükəli olduğu üçün hələ çıxarılmayıb.


 


Şəmxani müharibə ehtimalına baxmayaraq, İranın diplomatiyaya üstünlük verdiyini və təhdid olmayan təkliflərə açıq olduqlarını qeyd edib. O, ABŞ ilə aparılan müzakirələrin yalnız nüvə məsələsi çərçivəsində davam etdiyini bildirib.


 


Altay


Sfera.az