Son günlər qızıl bazarında müşahidə olunan eniş pərakəndə satış nöqtələrində də açıq şəkildə hiss olunmağa başlayıb.
Xüsusilə son 3-4 gündə qızılın qiymətində qeydə alınan ciddi ucuzlaşma Bakının ən iri ticarət məkanlarından biri olan “Moskva” univermağında alıcı fəallığını artırıb.
Sfera.az-ın əməkdaşı “Moskva” Univermağında olaraq qızıl məmulatlarının qiymətləri ilə maraqlanıb. Müşahidələr zamanı məlum olub ki, 30 yanvar tarixində qramı təxminən 230 manat olan 585 əyar qızıl ertəsi gün artıq 190-200 manat aralığında təklif edilib. Bu isə qısa müddətdə kifayət qədər ciddi qiymət fərqi deməkdir. Ucuzlaşma digər əyarlarda da özünü göstərib.
Belə ki, 750 əyar qızılın qramı vitrinlərdə təxminən 245-255 manat, 916 əyar qızılın qramı 300-315 manat, 999 əyar (xalis) qızılın qramı isə 330-345 manat civarında təklif olunub. Satıcılar qiymətlərin mağazadan mağazaya və məmulatın çəkisinə görə dəyişdiyini bildiriblər.
Maraqlıdır ki, satıcıların əksəriyyəti qiymətlərdəki bu enişdən əvvəlcədən xəbərdar olmayıb. Onların bir qismi ucuzlaşmanı sadəcə həftəsonu ilə əlaqələndirərək, bazar ertəsi qiymətlərin yenidən artacağını düşünürdü. Lakin gözləntilər özünü doğrultmayıb. Belə ki, bazar ertəsi 585 əyar qızılın qramı bəzi vitrinlərdə 185-188 manata qədər enib. Digər əyarlarda da qiymətlərin aşağı istiqamətdə dəyişdiyi müşahidə edilib. Ümumi tendensiya bazarda enişin davam etdiyini göstərir.
Qiymətlərin düşməsi alıcıların əhval-ruhiyyəsinə də müsbət təsir edib. “Moskva” Univermağında alıcı sıxlığı diqqətdən qaçmayıb. Bir çox vətəndaş qızılın ucuzlaşmasını fürsət kimi dəyərləndirərək alış-verişə tələsib. Xüsusilə zinət əşyalarına marağın artdığı, bəzi satıcıların isə gün ərzində əvvəlki günlərlə müqayisədə daha çox satış etdikləri bildirilib.
Görünən odur ki, qızıl bazarında baş verən bu eniş təkcə rəqəmlərdə deyil, real bazar davranışlarında da öz əksini tapır. Alıcılar üçün əlverişli şərait yaranıb, satıcılar isə bazardakı prosesləri diqqətlə izləməyə məcbur qalıblar. Mövzu ilə bağlı qiymətlərin yaxın günlərdə hansı istiqamətdə dəyişəcəyi isə bazarın ümumi dinamikasından asılı olacaq.
Məlumat üçün onu da bildirək ki, son hesabatlara görə, Nyu York birjasında qızıl və gümüşün qiyməti yüksəlib.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçersləri 3.93% dəyər qazanaraq 4835 ABŞ dollarına bərabər olub.
Firuzə Əliyeva
Sfera.az